Fazil Mustafa Rauf Arifoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğluna 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Komitə sədri məktubunda Rauf Arifoğlunu müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan jurnalist, media rəhbəri və ictimai xadim kimi səciyyələndirərək, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və fəaliyyətində davamlı başarılar arzulayıb.

Təbrikdə vurğulanır ki, Rauf Arifoğlu uzun illər boyu ölkədə söz və mətbuat azadlığının inkişafına, ictimai-siyasi düşüncənin formalaşmasına və milli maraqların müdafiəsinə töhfələr verib. Onun rəhbərlik etdiyi “Yeni Müsavat” qəzeti, sonrakı dönəmdə isə “Yeni Müsavat” Media Qrupu Azərbaycan informasiya məkanının tanınmış və təsirli media platformalarından birinə çevrilib.

Fazil Mustafa yubilyarın çoxillik jurnalist fəaliyyətində cəmiyyətin güncəl problemlərinə həssas münasibət göstərdiyini, ölkənin ictimai-siyasi həyatında, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin işıqlandırılmasında, milli maraqların, mənəvi və dövlətçilik dəyərlərinin təbliğində ardıcıl mövqe nümayiş etdirdiyini vurğulayıb. Məktubda yubilyarın zəngin təşkilatçılıq təcrübəsi və media sahəsi üçün yetişdirdiyi kadrların da fəaliyyətinin mühüm nəticələri olduğu xüsusi vurğulanıb.

Komitə sədri bildirib ki, Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dönəmdə milli mətbuatın keçdiyi yolun, qazandığı təcrübənin və formalaşdırdığı ənənələrin qorunub yaşadılması xüsusi önəm daşıyır. Bu baxımdan, Rauf Arifoğlunun, “Yeni Müsavat”ın çoxillik fəaliyyəti ölkəmizin media tarixinin mühüm səhifələrindən birini təşkil edir.

Təbrik məktubunda həmçinin əminlik ifadə olunub ki, Rauf Arifoğlu bundan sonra da zəngin həyat və peşə təcrübəsi ilə Azərbaycan media mühitinin inkişafına, ictimai fikrin zənginləşməsinə və milli maraqların müdafiəsinə öz dəyərli töhfələrini verməyə davam edəcək.

Sonda Fazil Mustafa Rauf Arifoğlunu 60 illik yubileyi münasibətilə bir daha təbrik edərək, ona sağlamlıq, xoşbəxtlik, ictimai və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.


MANŞET XƏBƏRLƏRİ