Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor İqor Skibyukun Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə Facebook hesabında paylaşım edib.
"Mixaylo Drapatı və Yevgeni Xmara ilə birlikdə qərara gəldik ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi general-mayor İqor Skibyuk olacaq. O, yeni Baş Komandanla birlikdə Ukraynanın müdafiəsində iştirak etmiş, böyük təcrübəyə malik peşəkar hərbçidir", – deyə, Zelenski bildirib.
Prezident qeyd edib ki, Silahlı Qüvvələrin rəhbərliyində aparılan dəyişikliklərlə bağlı bütün qərarlar bu gün rəsmiləşdiriləcək və müvafiq fərmanlar imzalanacaq.
Zelenskinin sözlərinə görə, Aleksandr Sırski və Andriy Hnatovla keçirilən görüşdə onların gələcək xidmət istiqamətləri də müəyyənləşdirilib.
Görüş zamanı ordunun idarəetmə sisteminin təkmilləşdirilməsi, Ukraynanın kiberqüvvələrinin inkişafı, hərbi qulluqçuların hazırlıq səviyyəsinin yüksəldilməsi, bölmələrin döyüş imkanlarının artırılması və korpus sisteminin genişləndirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Prezident vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiə tapşırıqlarını effektiv şəkildə yerinə yetirməsi üçün əsas prioritetlərdən biri praktik və səmərəli səfərbərlik sisteminin qurulmasıdır.
![]()
Aytən Yaşar/ Turkustan.az