NATO son illərdə Rusiya-Ukrayna müharibəsi, ABŞ Prezidenti Donald Trampın alyansdakı müttəfiqlərinə qarşı sərt mövqeyi və digər böhranlar fonunda dünya gündəminin əsas mövzularından birinə çevrilib.
Turkustan.az xəbər verir ki, bu barədə “Pew Research Center”in araşdırmasında qeyd olunub.
Araşdırmaya əsasən, NATO ölkələrinin əksəriyyətində vətəndaşların hərbi alyansa münasibəti müsbətdir. Bununla belə, ölkələr arasında ciddi fərqlər mövcuddur.
NATO son illərdə demək olar ki, həftə keçmədən dünya gündəminə gəlir. Artıq beşinci ilinə qədəm qoyan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi alyansın əsas prioritetlərindən biri olaraq qalır. NATO Ukraynaya dəstəyini davam etdirir, Avropa ölkələri isə öz müdafiə imkanlarını gücləndirməyə çalışırlar.
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dönəmində NATO daxilində ciddi fikir ayrılıqları yaranıb. Tramp Danimarkanın tərkibində olan Qrenlandiyanı ələ keçirmək və NATO üzvü Kanadanı ABŞ-ə birləşdirmək barədə açıqlamalar verib. O, həmçinin digər müttəfiq ölkələri müdafiə xərclərini kifayət qədər artırmamaqda ittiham edib və ABŞ-nin alyansı tərk edə biləcəyi barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, NATO ictimai rəydə bu böhranların təsirindən tamamilə sarsılmayıb. “Pew Research Center”in 13 NATO ölkəsində keçirdiyi sorğuya əsasən, respondentlərin əksəriyyəti alyans haqqında müsbət fikirdədir. /modern.az/az/
