ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı ABŞ vətəndaşlarını Ərbilə edilən pilotsuz uçuş aparatı (PUA) hücumlarından sonra yüksək ehtiyatlı olmağa çağırıb və ölkəyə səfər etməmək barədə xəbərdarlığını bir daha təkrarlayıb.
Turkustan.az xəbər verir ki, səfirliyin yaydığı təhlükəsizlik xəbərdarlığında bildirilir ki, iyulun 15-də İrana yaxın qruplar tərəfindən Ərbilə təşkil edilən PUA hücumlarından sonra İraqdakı ABŞ vətəndaşlarına ən yüksək hazırlıq səviyyəsində olmaları tövsiyə edilir.
Bəyanatda ABŞ vətəndaşlarına yerli medianı izləmək, təhlükəsizlik vəziyyətini diqqətdə saxlamaq və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.
Səfirlik həmçinin qeyd edib ki, İraqın hava məkanı əvvəlcədən xəbərdarlıq edilmədən istənilən vaxt bağlana və uçuşlar dayandırıla bilər. Bu səbəbdən sərnişinlərə Ərbil, Bağdad, Bəsrə və Süleymaniyyə hava limanlarından istifadə etməzdən əvvəl uçuşlarının statusunu aviaşirkətlərlə dəqiqləşdirmələri məsləhət görülüb.
Aytən Yaşar/ Turkustan.az