Dünya okeanlarında dəniz səthinin orta temperaturu 2026-cı ilin iyun ayında indiyədək qeydə alınan ən yüksək səviyyəyə çataraq iqlim böhranında yeni rekord müəyyən edib.
Turkustan.az xəbər verir ki, Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, okeanların sürətlə istiləşməsi təkcə dəniz ekosistemlərinə deyil, həm də quraqlıq, daşqınlar, ərzaq təhlükəsizliyi və insan sağlamlığı kimi sahələrə ciddi təsir göstərir.
Kopernik, Dünya Meteorologiya Təşkilatı (ÜMT), BMT, IPCC və digər beynəlxalq tədqiqatlar göstərir ki, 2023-cü ildən etibarən okeanlar, atmosfer və ekosistemlər görünməmiş sürətlə dəyişir. Alimlərin fikrincə, qlobal iqlim sistemi getdikcə daha isti, qeyri-sabit və ekstremal xarakter alır.
Kopernikin məlumatına əsasən, 2026-cı ilin iyun ayında qlobal dəniz səthinin orta temperaturu 20,98 dərəcə Selsiyə yüksələrək əvvəlki iyun rekordlarını geridə qoyub. İyunun 21-də qeydə alınan gündəlik göstərici isə ilin bu dövrü üçün indiyədək ölçülən ən yüksək temperatur olub.
Mütəxəssislər bildirirlər ki, bu artım əsasən insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları və Sakit okeanda yenidən güclənən El-Ninyo hadisəsi ilə əlaqədardır.
Alimlərin hesablamalarına görə, okeanlar bəşəriyyətin yaratdığı artıq istiliyin təxminən 90 faizini udur. Lakin bu təbii tarazlığın imkanları tükənmək üzrədir. Dəniz suyunun istiləşməsi daha güclü qasırğalar, intensiv yağıntılar, uzunmüddətli quraqlıqlar və dəniz səviyyəsinin yüksəlməsi riskini artırır.
Aytən Yaşar/ turkustan.az