Fransanın paytaxtı Parisdə həddindən artıq isti hava səbəbindən bir gün ərzində 109 nəfərin həyatını itirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Fransanı bir neçə gündür təsiri altına alan isti hava dalğası insanların sağlamlığı üçün ciddi təhlükə yaradıb. "Franceinfo" ictimai yayımçısının təcili tibbi yardım xidmətinə istinadən yaydığı məlumata görə, ölənlər arasında yalnız evlərdə və ictimai yerlərdə qeydə alınan hallar yer alır. Qocalar evləri və xəstəxanalardakı ölüm faktları bu statistikaya daxil edilməyib.
Məlumata görə, ilin eyni dövründə Parisdə adi bir gündə orta hesabla 7 ölüm qeydə alınır. Dünən isə şəhərdə 30 nəfər infarkt keçirib. Yüksək temperaturdan əziyyət çəkən bir şəxsdə isə bədən hərarəti 43,7 dərəcə Selsiyə çatıb.
Fransanın idman naziri Marina Ferrari "Franceinfo"ya açıqlamasında bildirib ki, isti hava dalğasının başladığı vaxtdan ölkə üzrə 55 nəfər boğulub. O, vətəndaşları üzgüçülük zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Hazırda Fransanın 37 inzibati ərazisində qırmızı hava xəbərdarlığı qüvvədədir. Rekord həddə çatan istilər fonunda ventilyator və kondisionerlərə tələbat da əhəmiyyətli dərəcədə artıb.



Aytən Yaşar/ Turkustan.az