BMT: Hörmüz boğazında qeyri-müəyyənlik artır


Birləşmiş Millətlər Təşkilatı ABŞ və İran arasında imzalanan müqaviləyə baxmayaraq, Hörmüz boğazı ilə bağlı “böyük qeyri-müəyyənlik dövrü” yaşandığını bildirib və tərəfləri öhdəliklərinə əməl etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarric gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.

ABŞ və İran arasında imzalanan sazişə baxmayaraq Hörmüz boğazı ilə bağlı ziddiyyətli açıqlamalar barədə sualı cavablandıran Dujarric bildirib ki, hazırda vəziyyət qeyri-müəyyəndir və tərəflər fərqli mövqelər səsləndirirlər.

O vurğulayıb ki, bütün tərəflərin razılaşmada nəzərdə tutulan öhdəliklərə əməl etməsi vacibdir və Hörmüz boğazında “gəmiçilik azadlığı” prinsipinə uyğun olaraq normal fəaliyyətin bərpası əsas məqsəd olmalıdır.

Dujarric vəziyyəti “çox həssas dövr” kimi qiymətləndirərək, regional və qlobal sabitliyin qorunmasının və dəniz nəqliyyatında çalışan minlərlə insanın təhlükəsizliyinin prioritet olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Hörmüz boğazının əvvəlki funksional vəziyyətinə qaytarılması mümkündür və buna nail olmaq üçün siyasi iradə vacibdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ