Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Volqoqrad şəhərində yerləşən "Titan-Barrikadi" zavoduna "FP-5 Flamingo" tipli raketlərlə zərbə endirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, Rusiya ərazisindəki hərbi hədəflərə qarşı uzun mənzilli hücumlar davam edir.
Onun sözlərinə görə, hücum nəticəsində "Titan-Barrikadi" zavodunun ərazisində yanğın baş verib. Zelenski qeyd edib ki, zavod artilleriya sistemləri, minaatanlar üçün komponentlər və xüsusi təyinatlı hərbi texnika istehsal edir.
Ukrayna lideri Rusiyadakı hərbi hədəflərə qarşı zərbələrin intensivliyinin artırıldığını vurğulayaraq bildirib: "Hər gün göstərdiyimiz bu təzyiq nəticə etibarilə şərəfli sülhün əldə olunması üçün zəmin yaradır."
Aytən Yaşar/ Turkustan.az