Trampdan SƏRT ZƏRBƏ – Azərbaycanlıları nə gözləyir?


ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının immiqrasiya siyasətini sərtləşdirməsinə imkan yaradan iki mühüm qərar qəbul edib.

Ali Məhkəmənin ilk qərarına əsasən, administrasiya Haiti və Suriya başda olmaqla bir sıra ölkələrin vətəndaşlarına verilmiş müvəqqəti müdafiə statusunu (TPS) ləğv etmək səlahiyyəti əldə edib. Bu status həmin ölkələrdə müharibə, siyasi böhran, təbii fəlakətlər və digər humanitar səbəblər üzündən vətənlərinə qayıda bilməyən şəxslərə ABŞ-də qanuni yaşamaq və işləmək hüququ verirdi.

Qərarın qüvvədə qalması halında bir milyondan artıq insan deportasiya təhlükəsi ilə üzləşə bilər.

Mütəxəssislər hesab edirlər ki, bu addım ABŞ-də yaşayan minlərlə miqrant ailəsinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yarada, eyni zamanda ölkənin immiqrasiya sistemində yeni hüquqi və sosial mübahisələrə səbəb ola bilər.

Ali Məhkəmənin digər qərarı isə sərhəddə sığınacaq müraciətlərinin qəbul olunmasına dair məhdudiyyətlərin bərpasına imkan verir. Bu qərar ABŞ-yə qeyri-qanuni yollarla daxil olmağa çalışan və ya sərhəddə sığınacaq istəyən şəxslərin müraciətlərinə baxılmasını daha da çətinləşdirə bilər.

Müşahidəçilərin fikrincə, bu qərarlar Tramp administrasiyasının immiqrasiya siyasətinin daha sərt mərhələyə keçdiyini göstərir və yaxın aylarda ABŞ-də yaşayan müxtəlif miqrant icmaları üçün yeni hüquqi risklər yarada bilər.

Bəs yeni qərarlar ABŞ-də yaşayan Azərbaycan vətəndaşları və ya azərbaycanlı miqrantlar üçün hər hansı əlavə risklər yarada bilərmi?

elxan.jpg (68 KB)

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"ABŞ Donald Tramp prezident seçilməzdən əvvəl də miqrasiya siyasətini tədricən sərtləşdirirdi. Lakin Tramp hakimiyyətə gəldikdən sonra bu siyasət daha da sərtləşib. O, seçkiqabağı kampaniyası zamanı da daim vurğulayırdı ki, qanunsuz miqrantlar ölkədən çıxarılmalı, miqrasiya üzərində nəzarət gücləndirilməlidir. Prezident olduqdan sonra isə bu istiqamətdə müxtəlif qərarlar və fərmanlar imzaladı. Hətta iş o yerə çatdı ki, futbol üzrə dünya çempionatı ilə bağlı Somalidən olan bir hakimin ABŞ ərazisinə girişinə icazə verilmədi və o, geri qayıtmağa məcbur oldu. Hazırda da müxtəlif millətlərdən olan insanların, hətta uzun illərdir ABŞ-də yaşayan bəzi şəxslərin ölkədən çıxarılması ilə bağlı tədbirlər görülür".

Politoloqun fikrincə, sənədləri qaydasında olan, ölkədə qanuni əsaslarla yaşayan və yaşayış hüququnu təsdiq edən bütün lazımi sənədlərə malik şəxslərin ciddi problemlə üzləşəcəyi gözlənilmir:

"Hətta belə şəxslərlə bağlı hər hansı qərar qəbul olunarsa, onların məhkəməyə müraciət etmək hüquqları da var.

Azərbaycan vətəndaşlarına gəldikdə, əgər onlar ABŞ-də qanuni əsaslarla yaşayırlar və bütün sənədləri qaydasındadırsa, onların yaşayış hüquqları ilə bağlı ciddi problemlərlə qarşılaşacaqlarına inanmıram. Ancaq sənədləri qaydasında olmayan, yaxud yalnız müvəqqəti yaşamaq icazəsi ilə ölkədə qalan şəxslər müəyyən risklərlə və hüquqi problemlərlə üzləşə bilərlər.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, adətən xarici ölkələrdə sığınacaq tapmaq istəyən Azərbaycan vətəndaşları sənədlərinin qaydasında olmasına çalışırlar. Düzdür, bu illərdə həm Avropa ölkələrindən, həm də ABŞ-dən deportasiya olunan azərbaycanlılar az olmayıb. Amma Azərbaycan vətəndaşları xaricdə sığınacaq tapmaq və ya həyatlarını xarici ölkədə davam etdirmək istəyəndə bütün təhlükələri göz önünə alaraq adətən sənədlərin qaydasında olmasına səy göstərirlər. Ona görə də böyük ölçüdə azərbaycanlıların ABŞ-dən kütləvi şəkildə deportasiya olunacağını ehtimal etmirəm".


MANŞET XƏBƏRLƏRİ