«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində memar Elçin Əliyevin kolleksiyası əsasında yaradılan daimi ekspozisiya istifadəyə verilib. Ekspozisiyada qədim Bakının tarixini və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş olunur.
Ekspozisiyada uzun illər ərzində toplanmış və Qədim şəhərə hədiyyə edilmiş çoxsaylı tarixi materiallar nümayiş olunur.
Sərgidə poçt açıqcaları, qədim açarlar, tarixi binaların və onların sakinlərinin fotoları, kağız əsginaslar, metal fasad elementləri, albomlar, kitablar və İçərişəhərin keçmişinə işıq salan digər nadir eksponatlar yer alır. Bu materiallar təkcə kolleksiya əhəmiyyəti daşımır, həm də Bakının çoxəsrlik tarixini, memarlıq ənənələrini və şəhər həyatını əks etdirən qiymətli mənbələr hesab olunur.
Memar Elçin Əliyevin sözlərinə görə, uzun illər bu eksponatların muzey məkanında nümayiş etdirilməsi üçün müxtəlif təşəbbüslər göstərilsə də, onların reallaşdırılması mümkün olmayıb. O bildirib ki, son dövrlərdə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilən yeniliklər və mədəni irsin qorunmasına göstərilən diqqət sayəsində bu ideya gerçəkləşib.
Yeni yaradılan ekspozisiya həm Bakı sakinləri, həm də paytaxtın qonaqları üçün qədim şəhərin zəngin keçmişi ilə yaxından tanış olmaq imkanı yaradır. Burada nümayiş etdirilən hər bir eksponat özündə bir dövrün izlərini yaşadır, İçərişəhərin tarixi simasını və gündəlik həyatını ziyarətçilərə daha yaxından hiss etdirir.
Tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından belə layihələr xüsusi əhəmiyyət daşıyır. Yeni ekspozisiya da məhz bu missiyanı yerinə yetirərək İçərişəhərin mədəni dəyərlərinin təbliğinə və tanıdılmasına mühüm töhfə verir.
Leyla Turan




