Avropa İttifaqı ilə Kiyev arasında Ukraynanın quruma üzvlüyü ilə bağlı danışıqlardan belə anlaşılır ki, hazırda müharibə vəziyyətində olan ölkə çox yaxın perspektivdə Aİ-yə qəbul olunacaq.
Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova bildirib ki, Ukraynanın 2030-cu ilə qədər Avropa Birliyinə üzv qoşulması çox real perspektivdir. O qeyd edib ki, bunu ilk danışıqlar klasterinin rəsmi açılışından sonra Aİ də təsdiqləyib.
Qeyd edək ki, iyunun 15-də Aİ və Ukrayna Lüksemburqda keçirilən hökumətlərarası konfransda rəsmi olaraq üzvlük danışıqlarına başlayıblar.
Siyasi şərhçi, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az-a bildirib ki, Ukraynanın Aİ-yə belə tezliklə qəbulunu tam istisna etməsə də, onun 2030-cu ilə qədər baş verəcəyini o qədər də real saymır:
“Avropa İttifaqı Kiyevlə Kişinyovu quruma üzv qəbul etməkdə israrlı və iradəli görünür. Amma araşdırmalar göstərir ki, bu məsələni 3-4 ilə yekunlaşdırmaq real görünmür. İstər qanunvericilik, istərsə də iqtisadi müstəvidə uyğunlaşma baxımından fərqlər böyükdür. Kiyev hələ bu istiqamətlərdə çox işlər görməlidir”.
Bununla belə, ekspert qeyd edir ki, son dövrlər siyasi faktorların qəbul edilən qərarlara təsiri artıb:
“Ona görə də hansısa bir mərhələdə belə bir addım atıla bilər. Bu da istisna deyil. Digər tərəfdən, bu sayaq açıqlamalar daha çox təbliğat effekti xarakteri də daşıya bilər”.