Qüds qubernatorluğu İsrailin işğal altındakı Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) məxsus peşə təlim kompleksini sökmək planı ilə bağlı xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Qubernatorluğun açıqlamasına görə, İsrail bələdiyyəsi Kəfr Aqab və Qalandiya arasında yerləşən, uzun illərdir UNRWA-nın nəzdində fəaliyyət göstərən peşə təlimi kompleksinin ərazisində yeni “təhsil kompleksi” inşa etməyi planlaşdırır.
Bəyanatda qeyd olunub ki, bu addım İsrailin işğal olunmuş Şərqi Qüdsdə UNRWA-nın fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş siyasətinin tərkib hissəsidir. Bildirilib ki, layihə 82 akr ərazini əhatə edir və həm siyasi, həm də məskunlaşma baxımından ciddi nəticələrə səbəb ola bilər.
İsrail bələdiyyəsi planı Kəfr Aqab bölgəsində sinif otaqları və təhsil müəssisələrinin çatışmazlığını aradan qaldırmaq məqsədi ilə əsaslandırsa da, Qüds qubernatorluğu bunun əsl məqsədinin UNRWA-nın peşə təlim mərkəzini ləğv etmək və agentliyin bölgədəki fəaliyyətinə son qoymaq olduğunu iddia edir.
Açıqlamada vurğulanıb ki, Fələstinli qaçqınlara təhsil və peşə hazırlığı xidmətləri göstərən UNRWA-nı hədəf alan bu plan ciddi risklər yaradır. Həmçinin bildirilib ki, İsrail qurumlarının gələcəkdə agentliyin mövcud obyektlərini əvəz etməsi ehtimalı da narahatlıq doğurur.
Aytən Yaşar/ Turkustan.az