Türkiyə və Bolqarıstan yeni sərhəd qapısı üçün razılığa gəldi


Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə keçirdiyi görüşdən sonra bildirib ki, tərəflər Avropanın ən işlək sərhəd-keçid məntəqəsi olan Kapıkulenin şimalında yeni sərhəd-keçid məntəqəsinin tikintisi ilə bağlı ortaq iradələrini bir daha təsdiqləyiblər.

Turkustan.az xəbər verir ki, nazir qeyd edib ki, görüş zamanı sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də regional əlaqələri gücləndirəcək avtomobil və dəmir yolu layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Bolqarıstanın paytaxtı Sofiyada həmkarı Petrova-Çamova ilə keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edən Fidan strateji müttəfiq və qonşu ölkə olan Bolqarıstana səfərindən məmnunluğunu ifadə edib.

O bildirib ki, Türkiyə ilə Bolqarıstan arasında dərinləşən strateji tərəfdaşlıq nəticəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi daha da genişlənib.

Fidan vurğulayıb ki, Türkiyə və Bolqarıstan sərhəd təhlükəsizliyi, enerji, nəqliyyat və ticarət sahələrində bir-birini tamamlayan iki qonşu ölkə və müttəfiq kimi çıxış edir. Onun sözlərinə görə, Türkiyə-Bolqarıstan tərəfdaşlığının güclənməsi bütün region üçün mühüm faydalar yaradır.

Nazir həmçinin qeyd edib ki, Bolqarıstanın ev sahibliyi ilə keçirilən və Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SECP) Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ