Si Cinpin Trampın səfərindən dörd gün sonra Putini Pekində qəbul edəcək


ABŞ Prezidenti Donald Trump Çinə səfərini başa vurduqdan cəmi dörd gün sonra, Çin Prezidenti Xi Jinping Pekində Rusiya Prezidenti Vladimir Putin ilə görüşə hazırlaşır.

Turkustan.az xəbər verir ki, Çin dövlət mediasının yaydığı məlumata görə, Si Cinpin və Vladimir Putin Rusiya liderinin bu həftə Pekinə planlaşdırılan səfəri ərəfəsində qarşılıqlı təbrik mesajları mübadiləsi aparıblar.

Si mesajında Çin və Rusiya arasında ikitərəfli əməkdaşlığın “davamlı şəkildə dərinləşdiyini və möhkəmləndiyini” bildirib. Çin lideri həmçinin qeyd edib ki, bu il Pekin və Moskva arasında strateji tərəfdaşlığın qurulmasının 30 illiyi tamam olur.

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri çərşənbə axşamı və çərşənbə günləri baş tutacaq.

Çində dövlətə məxsus Global Times qəzetində dərc olunan məqalədə qeyd olunub ki, həm ABŞ Prezidenti Donald Trump, həm də Putinın eyni həftədə Çinə səfər etməsi Pekinin “qlobal diplomatiyanın mərkəzinə” çevrildiyini göstərir.

Məqalədə bildirilir ki, bu ardıcıl səfərlər beynəlxalq diqqət çəkib və analitiklər Soyuq Müharibədən bəri bir ölkənin ABŞ və Rusiya liderlərini eyni həftə ərzində qəbul etməsinin olduqca nadir hal olduğunu vurğulayırlar.

Çinin Rusiya ilə dərinləşən münasibətləri, xüsusilə Moskvanın 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibədən sonra Qərb ölkələrində ciddi narahatlıq yaradıb. Qərb diplomatları və analitiklərinin fikrincə, Pekinin Rusiyaya verdiyi iqtisadi və diplomatik dəstək müharibənin uzanmasına təsir göstərib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ