İmamoğlu siyasi casusluq ittihamlarını rədd etdi: “Bu iş siyasi sifarişdir”


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, strateq Necati Özkan, texnologiya investoru Hüseyn Gün və jurnalist Merdan Yanardağ barəsində açılmış “siyasi casusluq” işi üzrə məhkəmənin üçüncü iclası keçirilib.

Turkustan.az xəbər verir ki, məhkəmə prosesi İstanbul 25-ci Ağır Cinayət Məhkəməsi tərəfindən Marmara Qapalı Həbsxanası yaxınlığındakı məhkəmə zalında baş tutub. Təqsirləndirilən şəxslər 15 ildən 20 ilədək həbs cəzası ilə üzləşirlər.

Prokurorluq təqdim etdiyi aralıq rəydə təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasının davam etdirilməsini tələb edib. Bildirilib ki, ittiham aktında və rəqəmsal ekspertiza hesabatlarında yer alan məlumatlar dövlət təhlükəsizliyi və daxili-xarici siyasi maraqlarla bağlı məxfi xarakter daşıyır. Həmçinin, cinayət şübhəsini gücləndirən konkret sübutların mövcud olduğu, sübutların toplanması prosesinin davam etdiyi və hazırkı mərhələdə məhkəmə nəzarətinin yetərli olmayacağı vurğulanıb.

Məhkəmədə çıxış edən İmamoğlu ittiham aktını sərt tənqid edib. O, prosesin siyasi motivli olduğunu bildirərək deyib:

“Bu işin aylar əvvəl planlaşdırıldığını eşitdik. İnsanlara ‘casusluq ittihamı hazırlanır’ deyərək təzyiq göstərilib. Hazırlanan ittiham aktı hüquqi deyil, siyasi məqsədlərə xidmət edir.”

İmamoğlu həmçinin bəzi dövlət qurumlarının yalnız onu hədəf almaq məqsədilə prosesə cəlb olunduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ