Yunanıstanın Delfi şəhərində keçirilən Delfi İqtisadi Forumunda Türkiyənin sabiq prezidenti Abdullah Gül “Yaxın Şərqdə müharibələr bölgəni və qlobal nizamı necə yenidən formalaşdırır” mövzusunda panel müzakirəsinə qatılıb.
Turkustan.az xəbər verir ki, Gül çıxışında dünyada artan qeyri-müəyyənlik və böhran dövrünə diqqət çəkərək bəzi güclü dövlətlərin beynəlxalq hüquqa və qaydalara əsaslanan nizamı zəiflətdiyini bildirib.
O, Qəzza, İran və Livana yönələn hücumların ciddi humanitar nəticələr doğurduğunu deyib və qeyd edib ki, bu əməliyyatlar beynəlxalq hüquqa ziddir. Gülün sözlərinə görə, mütəxəssislər və BMT hesabatları Qəzzadakı vəziyyəti “soyqırım səviyyəsinə yaxın” kimi qiymətləndirir.
Sabiq prezident ABŞ-ın İrana hücumlarının region və qlobal səviyyədə uzunmüddətli nəticələr doğuracağını vurğulayaraq bildirib ki, hətta bəzi ABŞ rəsmiləri İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığını etiraf edirlər. Onun fikrincə, bu cür addımlar digər dövlətlər üçün də beynəlxalq hüququ pozmaq baxımından presedent yarada bilər.
Gül həmçinin ABŞ-ın beynəlxalq imicinin zədələndiyini, Körfəz ölkələrinin isə Vaşinqtona olan etimadında azalma müşahidə olunduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az