ABŞ mediası Türkiyə, Misir və Pakistanın müharibəni dayandırmaq və ya atəşkəsə nail olmaq üçün İranı ABŞ-la danışıqlar masasına gətirməyə çalışdığını yazıb.
Turkustan.az xəbər verir ki, The Wall Street Journal qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, hər üç ölkənin vasitəçiləri döyüşlərin dayandırılması və ya müvəqqəti atəşkəsin əldə olunması istiqamətində səylərini davam etdirir.
Mənbələrin bildirdiyinə görə, Türkiyə, Misir və Pakistanın xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Araqchi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff ilə telefon danışıqları aparıblar. Lakin bu təmaslar hələlik konkret nəticə verməyib.
Eyni zamanda, Türkiyə və Misirin mümkün danışıqlara ev sahibliyi üçün İstanbul və Qətər variantlarını nəzərdən keçirdiyi bildirilir. Bununla belə, mənbələr Qətərin ABŞ və region ölkələrinin təklif etdiyi vasitəçi rolunu qəbul etmədiyini qeyd edir.
Məlumata əsasən, İran tərəfi mövqeyində israrlıdır və güzəştə getməkdən imtina edir. Bildirilir ki, Tehran müvəqqəti atəşkəs qarşılığında Hörmüz boğazının yenidən açılması da daxil olmaqla bir sıra təklifləri rədd edib.
Mənbələr həmçinin İranın ABŞ-ın müharibənin dayandırılması ilə bağlı tələblərini qəbuledilməz hesab etdiyini və İslamabadda ABŞ rəsmiləri ilə görüşməkdən imtina etdiyini bildirir.
Aytən Yaşar/ Turkustan.az