İranla döyüşə 50 min əsgər HAZIRLANIR?


Tramp İranda quru əməliyyatları üçün minlərlə ABŞ əsgəri göndərə bilər.

“Reuters”-in məlumatına görə, Tramp administrasiyası İrana qarşı quru əməliyyatları aparmaq üçün Yaxın Şərqə minlərlə əsgər göndərməyi düşünür. Onlar bildiriblər ki, qoşunlar tankerlərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün istifadə edilə bilər. Bu halda, qoşunlar İran sahil xətti boyunca yerləşdiriləcək.

Eyni zamanda, İran neft ixracının əsas mərkəzi olan Xarq adasına quru qüvvələrinin göndərilməsi də nəzərdən keçirilir. Ekspertlər İran qüvvələrinin adaya dron və raketlərlə zərbə endirməsi ehtimalına görə belə bir əməliyyatı riskli hesab edirlər. İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün əməliyyat da müzakirə olunur.

Ağ Ev rəsmisi bildirib ki, hazırda quru qoşunlarının göndərilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib, lakin Prezident Donald Tramp bütün variantları nəzərdən keçirir. Reuters həmçinin qeyd edir ki, Vaşinqton artıq Yaxın Şərqə sürətli reaksiya qüvvəsi göndərməyi planlaşdırıb. Bu bölmə 2000-dən çox dəniz piyadasından ibarətdir. Yaxın Şərqdəki ümumi Amerika qüvvələrinin sayı təxminən 50000 nəfərdir.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, İrana qarşı quru əməliyyatlarının baş tutması hələlik inandırıcı görünmür:

“ABŞ Prezidenti Donald Trampın növbəti mərhələdə İran məsələsində hansı qərar verəcəyini müəyyən etmək çətindir. Ancaq hesab etmək olar ki, Trampın belə bir radikal qərar verməsi o qədər də asan deyil. Yüzminlərlə ABŞ əsgərinin Yaxın Şərqdə transformasiya olması və ondan sonra İranda quru əməliyyatlarının başlanılması Vaşinqton üçün çox ağır bir proses ola bilər.

Bu, həm çox xərc, həm də taktiki-strateji hazırlıqlar tələb edir. ABŞ-nin buna hansı səviyyədə və maliyyə baxımından hazır olması bir qədər qeyri-müəyyəndir”.

E. Xalidbəyli bildirib ki, ABŞ-də İrana qarşı son hücum əməliyyatları ilə bağlı ciddi narahatlıqlar var:

“Tramp administrasiyası İranla müharibəyə başladığı üçün ABŞ-nin siyasi dairələrində tənqidlərə və təzyiqlərə məruz qalıb. ABŞ-də bir çoxları hesab edir ki, Tramp ölkəni İsrailin maraqlarını təmin etmək üçün bir savaşa sürükləyib. Bu səbəbdən Tramp administrasiyası hədəfə çıxarılıb. Konqresdə İranla müharibəyə qarşı etirazlar müşahidə olunur.

Bununla yanaşı, Trampın komandasında bəzi yüksək rütbəli rəsmilər İranla müharibəyə etiraz olaraq vəzifəsindən istefa verib. Bütün bunları nəzərə alanda Trampın İranda quru əməliyyatlarına başlaması o qədər də sadə məsələ deyil. ABŞ cəmiyyətinin buna reaksiyası çox sərt ola bilər. Əgər ABŞ İranda quru əməliyyatlarına başlayarsa və Amerika ordusu canlı qüvvə itkisinə məruz qalarsa, bu, ABŞ ictimaiyyətində ciddi reaksiyaya səbəb olacaq”.

Ekspertin sözlərinə görə, İraqdan fərqli olaraq, İranın coğrafiyası quru əməliyyatları üçün əlverişli region hesab olunmur:

“Bəzi ekspertlərin fikrincə, qurudan İrana hücuma keçərsə, Amerika çox sayda canlı qüvvə itkisinə məruz qala bilər. ABŞ qoşunlarının İran coğrafiyasında irəliləməsi belə çətin proses ola bilər. Bunun illərlə davam edəcək bir savaşa çevrilməsi də istisna deyil. Belə bir addımın atılacağı təqdirdə bu, həm də genişmiqyaslı müharibəyə yol açacaq.

Bəllidir ki, Tramp administrasiyasında bütün ssenarilər nəzərə alınıb. bu səbəbdən İrana qarşı quru əməliyyatlarının baş tutması hələlik inandırıcı görünmür”.


MANŞET XƏBƏRLƏRİ