Şimali Koreya genişmiqyaslı təlimlərə başladı


Şimali Koreya daha bir hərbi addım atıb.

Turkustan.az xəbər verir ki, ölkə hökumətinin açıqlamasına görə, Koreya Xalq Ordusunun (KXO) piyada və tank bölmələri lider Kim Çen Inın rəhbərliyi altında taktiki hücum təlimləri keçirib.

Təlimlər düşmənin tank əleyhinə müdafiə xəttinin məhv edilməsi ssenarisi üzrə baş tutub. Ssenariyə əsasən, kamikaze pilotsuz uçuş aparatları (PUA) real vaxt rejimində kəşfiyyat məlumatlarından istifadə edərək təyin olunmuş düşmən komandanlıq məntəqələrinə və tank əleyhinə mövqelərə zərbələr endirib.

Bundan əlavə, yeni əsas döyüş tankının müdafiə sisteminin müxtəlif istiqamətlərdən atılan tank əleyhinə raketləri və PUA-ları yüksək dəqiqliklə uğurla ələ keçirdiyi bildirilib.

Şimali Koreya lideri Kim Çen In təlimin uğurundan məmnunluğunu ifadə edərək bildirib ki, yeni əsas döyüş tankı texniki xüsusiyyətlərinə görə dünyada unikaldır. Kim bildirib ki, "Əsas döyüş tankımızın döyüş performansı rəqiblərindən müqayisəolunmaz dərəcədə üstündür. Bundan sonra quru qüvvələrimiz bu güclü tanklarla təchiz olunacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ