Ramazan ayı təkcə oruc tutmaq deyil, həm də paylaşmaq və ehtiyacı olanlara dəstək olmaq ayıdır.
Bu ayda verilən fitrə zəkatı da bu məqsədə xidmət edir. Bəzi insanlar oruc tutmur, amma yenə də fitrə vermək istəyir. Cəmiyyətdə bu məsələ ilə bağlı fərqli fikirlər formalaşıb. Bəziləri fitrəni orucla bağlı bir ibadət kimi qəbul edir, digərləri isə onu ondan tamamilə ayrı, müstəqil bir məsuliyyət kimi görür.
Oruc tutmayan şəxs fitrə verə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, oruc tutan və ya tutmayan hər kəs fitrə verə bilər:
"Fitrə konkret mənada oruc tutan, yaxud tutmayan adamların bir ay ərzində günortalar yediyi, yemədiyi yeməklərin miqdarı, məbləğidir ki, bunu başqalarına hədiyyə edir. Sadəcə olaraq, fitrə verən şəxs öz imkanını nəzərə almalıdır. Təqribən adambaşına minimum 3 kq, yaxud onun dəyəri məbləğində pul verilir.
Dənli bitkilər olan arpa, buğda, qarabaşaq, lobya, xurma, habelə un kimi vasitələr nümunə kimi verilib. Tutaq ki, undan hazırlanan çörək, şirniyyatlar, şəkərbura da verilə bilər. Novruz bayramı ərəfəsində, bu, daha yaxşı ola bilər".
Ìlahiyyatçı qeyd edib ki, ən əsası fitrənin qarşı tərəfi incitməyəcək şəkildə verilməsidir:
"Bunu bir bayram payı kimi qəbul etsinlər. Fitrə-zəkat ona görə bayramdan qabaq verilməlidir ki, bayram günü bütün imkansızların da evində qazan qaynasın, ac insan qalmasın".