Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu cəbhə xəttində mövqelərini qoruyub saxlayır, Rusiya qoşunlarının itkiləri isə artmaqda davam edir.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri ukraynalı-britaniyalı bloger Maks Klimenko ilə söhbətində səsləndirib.
Zelenski Rusiyanın guya qələbə qazandığı ilə bağlı yayılan məlumatların dezinformasiya olduğunu vurğulayıb:
“Rusiya qalib gəlmir. Onlar əvvəlcədən qarşıya qoyduqları məqsədlərin heç birinə nail ola bilməyiblər. Donbası tam işğal etmək istəyirdilər, lakin buna nail olmadılar. Paytaxtı ələ keçirmək niyyətləri də baş tutmadı. Hazırda isə hər ay 30-35 min itki verirlər”.
Prezidentin sözlərinə görə, Ukrayna qüvvələri mövqelərini demək olar ki, dəyişməyib və Rusiya ordusu müdafiə xəttini yarmaqda çətinlik çəkir.
“Biz mövqelərimizi qoruyuruq. Yalnız qarşı tərəfin itkiləri artır. Rusiya müdafiə xətlərimizi yarmağa çalışsa da, buna nail ola bilmir. Buna görə də döyüş meydanında uğur qazana bilmədikləri üçün xaos yaratmağa, enerji və mülki infrastruktur obyektlərini raket atəşinə tutmağa çalışırlar”, – deyə Zelenski əlavə edib.
Aytən Yaşar/ Turkustan.az