Xüsusi elçi Con Kolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti ilə danışıqlar zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko İrandakı müharibəyə son qoymaq üçün öz planını təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında özü bildirib.
"Mən onlara İrandakı müharibəyə son qoymaq üçün öz vizyonumu təklif etdim. Bunu necə görürəmsə, eləcə. Bunu açıq şəkildə demək istəmirəm. Onlara başqa bir seçim təklif etdim", - deyə o qeyd edib.
Belarus lideri ölkəsinin mövcud vəziyyətdə mürəkkəb diplomatik balansla üzləşdiyini etiraf edib. O bildirib ki, bir tərəfdən İran Belarusun müttəfiqi hesab olunur, digər tərəfdən isə ABŞ və Körfəz ölkələri ilə münasibətlər də qorunur.
Lukaşenko xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Oman ilə təmaslara ümid etdiyini vurğulayıb, həmçinin Səudiyyə Ərəbistanı ilə danışıqların davam etdiyini söyləyib.
Belarus lideri münaqişənin bütün tərəflər üçün ağır nəticələr doğurduğunu bildirərək əsas prinsipin müharibənin tezliklə dayandırılması olduğunu deyib: “Orada da burada da xalqımız var, hamı əziyyət çəkir. Bu müharibə bitməlidir.”/modern.az