Yeraltı “raket şəhərləri” hədəf oldu – İranın HHM-i çökdü – VİDEO


İranın Hava Hücumindan Müdafiə (HHM) sisteminin çökməsi nəticəsində İranın onilliklər ərzində qurduğu yeraltı raket bazaları – “raket şəhərləri” adlanan gizli hərbi komplekslər – hazırda ölkənin ən zəif nöqtəsinə çevrilib.

Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin yaydığı məlumata görə, ABŞ və İsrail aviasiyası həmin yeraltı bazaların yerləşdiyi ərazilər üzərində patrul uçuşları həyata keçirir və raket qurğuları tunellərdən çıxaraq buraxılışa hazırlaşan kimi onları məhv edir.

Məlumata əsasən, İran illər boyu raket arsenalını qorumaq üçün dağların altında geniş bunker və tunel şəbəkələri qurub. Bu obyektlər düşmən aviasiyasından gizlənmək və raketlərin təhlükəsiz saxlanması üçün nəzərdə tutulmuşdu. Lakin müharibənin ilk günlərindən etibarən həmin bazaların koordinatları müəyyən edilərək hədəfə çevrilib.

Qəzet yazır ki, ABŞ və İsrail qüvvələri raket qurğularını tunellərdən çıxaraq atəş mövqeyi tutduğu anda vurur. Bu taktika nəticəsində yüzlərlə raket, buraxılış qurğusu və pilotsuz aparatın məhv edildiyi bildirilir.

Məlumatlara görə, müharibənin əvvəlində İran yüzlərlə raket buraxsa da, son günlərdə hücumların intensivliyi kəskin azalıb. Analitiklər bunun əsas səbəbinin raket bazalarına endirilən zərbələr və buraxılış qurğularının məhv edilməsi olduğunu qeyd edir.

Peyk görüntüləri isə İranın bir sıra hərbi obyektlərinin, xüsusilə yeraltı bazaların girişlərinin və infrastrukturunun zədələndiyini göstərir. Bu, Tehranın raket imkanlarının ciddi şəkildə zəiflədiyini göstərən əsas faktorlardan biri hesab olunur.

Hərbi ekspertlərin fikrincə, yeraltı bazalar raketləri qorumaq üçün tikilsə də, onların sabit koordinatlara malik olması və buraxılış üçün mütləq səthə çıxmaq zərurəti bu sistemi müasir kəşfiyyat və aviasiya zərbələri qarşısında həssas edir. /bakupost.az/




MANŞET XƏBƏRLƏRİ