ABŞ prezidenti Donald Tramp İsrailin Channel 12 telekanalına müsahibəsində İranla bağlı olduqca sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp İranın dəfələrlə razılaşmaya yaxınlaşdığını, lakin son anda geri çəkildiyini bildirib. Onun sözlərinə görə, bu, Tehranın əslində heç vaxt real saziş imzalamaq niyyətində olmadığını göstərir.
Prezident qeyd edib ki, komandasına son 25 ildə İranın həyata keçirdiyi hücumların siyahısını hazırlamağı tapşırıb. Nəticədə “demək olar ki, hər ay hansısa partlayış və ya qətl hadisəsi”nin baş verdiyi ortaya çıxıb.
Tramp həmçinin vurğulayıb ki, iyun ayında həyata keçirilən və “Operation Midnight Hammer” adlandırılan zərbə olmasaydı, İran artıq nüvə silahına sahib ola bilərdi. Onun sözlərinə görə, həmin əməliyyat Tehranın hərbi potensialına ciddi zərbə vurub.
O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə “yaxşı və məhsuldar” söhbət apardığını da deyib: “Biz eyni dalğadayıq”.
ABŞ prezidenti vəziyyətdən çıxış üçün iki əsas variantın olduğunu açıqlayıb: ya kampaniyanı davam etdirərək “hər şeyi nəzarətə götürmək”, ya da bir neçə gün ərzində əməliyyatları başa çatdırıb İranı yenidən hərbi potensialını bərpa etməmək barədə xəbərdar etmək. Tramp əlavə edib ki, İranın əvvəlki imkanlarını bərpa etməsi üçün illər lazım olacaq. /Musavat.com/