ABŞ-nin Ermənistana ötürəcəyi pilotsuz uçuş aparatları Rusiya və İran tərəfindən ciddi narazılıqla qarşılanacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin (ANK) sədr müavini Aram Manukyan bildirib.
O, Ermənistan–ABŞ münasibətlərinin inkişafını müsbət qiymətləndirsə də, bəzi məqamların ciddi risklər yaratdığını vurğulayıb. Manukyanın sözlərinə görə, hakimiyyətin bu məsələdə nümayiş etdirdiyi həddindən artıq optimizm yerində deyil və detallara diqqətlə yanaşmaq lazımdır.
“Dostların çox olması yaxşıdır. Amma məsələnin dərinliyinə baxanda adi gözlə görünməyən təhlükələr ortaya çıxır. Hakimiyyətin göstərdiyi entuziazm bəzən reallıqla uzlaşmır”, – deyə o qeyd edib.
Manukyan bildirib ki, ABŞ Ermənistana təxminən 20 ədəd kəşfiyyat məqsədli pilotsuz uçuş aparatı ötürəcək. Onun sözlərinə görə, hər bir dronun dəyəri təxminən yarım milyon dollardır və əsas funksiyası müşahidə və məlumat toplamaqdır.
“Əlbəttə, hərbi-texniki əməkdaşlıq müsbət haldır. Amma bu dronların kəşfiyyat xarakteri daşıması Rusiya və İran tərəfindən son dərəcə mənfi qarşılanacaq. Burada ciddi risk var”, – deyə Aram Manukyan bildirib.
O qeyd edib ki, Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir və bu pilotsuz aparatlar həm həmin bazanı, həm də İran istiqamətini izləmək imkanına malikdir. Onun sözlərinə görə, bu cihazlar 100–150 kilometr məsafədə kəşfiyyat aparmaq, məlumat toplamaq və ötürmək gücünə malikdir.
“Bu tip dronlar Ukraynada Rusiyaya qarşı istifadə olunub. Təxminən 150 uçuş həyata keçirilib, Rusiya hərbi obyektləri və texnikası müəyyən edilib, məlumatlar Ukrayna tərəfinə ötürülüb və nəticədə həmin obyektlər məhv edilib. Bu, təbii ki, Moskvanı ciddi şəkildə narahat edəcək”, – deyə Manukyan vurğulayıb.
O bildirib ki, Ermənistan Rusiya ilə hərbi-strateji müttəfiqlik münasibətlərindədir və bu cür addımlar tərəflər arasında etimadı zədələyə bilər.
“Ermənistan bu sistemin içindədir. Türkiyə ilə sərhədimiz Rusiya əsgərləri tərəfindən qorunur. Belə bir şəraitdə bu qərarın Moskva tərəfindən asanlıqla qəbul edilməsi mümkün deyil”, – deyə o əlavə edib.
Manukyan İran faktoruna da diqqət çəkib. Onun sözlərinə görə, ABŞ açıq şəkildə anti-İran koalisiyasını dəstəkləyir və bu prosesə müxtəlif ölkələri cəlb edir.
“Amerikalılar daim İrana qarşı mövqelərini açıq şəkildə bildirirlər. Bu baxımdan, dronların Ermənistana verilməsi Tehranda da ciddi narahatlıq yaradacaq. Bu texnika İran üçün potensial təhlükə kimi qəbul olunacaq”, – deyə o qeyd edib.
Manukyan vurğulayıb ki, ABŞ-dən alınan pilotsuz uçuş aparatları Ermənistanı yeni geosiyasi risklərlə üz-üzə qoya və ölkəni Rusiya və İranla münasibətlərdə çətin vəziyyətə sala bilər. Onun fikrincə, bu məsələ yalnız hərbi əməkdaşlıq çərçivəsində deyil, regional təhlükəsizlik baxımından da qiymətləndirilməlidir. /Musavat.com/