ABŞ-nin vitse-prezidenti J.D. Vensin İrəvanda səsləndirdiyi açıqlamalar Ermənistan hakimiyyətinin bütün bu müddət ərzində verdiyi ziddiyyətli mesajların arxasındakı real qərarı üzə çıxardı.
Turkustan.az xəbər verir ki, Vens ABŞ-nin Ermənistanın nüvə energetikası sektoruna ümumilikdə 9 milyard dollar həcmində investisiya yatıracağını — 5 və 4 milyard dollarlıq tranşlarla maliyyələşmə aparılacağını — və ölkəyə kiçik modul reaktorlar (SMR) tədarük ediləcəyini bəyan edib. ABŞ rəsmisi bu texnologiyanın “hər ölkə ilə paylaşılmadığını” xüsusi vurğulayıb.
Qeyd edək ki, Ermənistan rəsmiləri indiyədək hansı atom elektrik stansiyasının və hansı texnologiya əsasında tikiləcəyi ilə bağlı suala aydın cavab verməkdən yayınırdı. Hətta ötən həftə keçirilən brifinqlərdə baş nazir Nikol Paşinyan İrəvanın hələ də yekun qərar qəbul etmədiyini, müxtəlif ölkələrin təkliflərini araşdırdığını bildirirdi. Onun sözlərinə görə, Ermənistan bu məsələdə ABŞ-la yanaşı Rusiya, Çin, Fransa və Cənubi Koreya ilə də danışıqlar aparırdı.
Lakin ABŞ-nin vitse-prezidentinin İrəvanda açıqladığı milyardlarla dollarlıq konkret investisiya paketi göstərir ki, rəsmi İrəvan əslində seçimini artıq edib. ABŞ texnologiyasına əsaslanan nüvə layihəsi Ermənistanın enerji təhlükəsizliyi ilə yanaşı, geosiyasi istiqamətinin də hansı tərəfə yönəldiyini açıq şəkildə ortaya qoyur.
Beləliklə, aylar boyu səsləndirilən “araşdırırıq”, “müzakirələr gedir” kimi bəyanatlar fonunda Ermənistan hakimiyyətinin qərarı çoxdan verdiyi, sadəcə bunu açıq şəkildə elan etmədiyi aydınlaşır. /Musavat.com/