Suriya hökuməti ilə YPG/ SDG terror təşkilatı arasında dörd günlük atəşkəs son saatlarına girərkən Fransa xəbər agentliyi AFP atəşkəsin bir aya qədər uzadılması barədə razılığa gəlindiyini iddia etdi.
Turkustan.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyindəki mənbə, Suriya dövlət televiziyası əl-İxbariyyəyə danışaraq, YPG terror təşkilatı ilə müqavilənin uzadılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib və "Bu iddialar əsassızdır" deyib.
Suriya Müdafiə Nazirliyi hökumətlə YPG terror təşkilatı arasında əldə edilən razılaşmaya uyğun olaraq elan edilən dörd günlük atəşkəsin 20 yanvar tarixində Türkiyə vaxtı ilə saat 20:00-da qüvvəyə mindiyini açıqladı.
YPG terror təşkilatı da atəşkəsə əməl etdiyini iddia edən bir açıqlama vermişdi.
Suriya Prezident Aparatının rəsmi xəbər agentliyi olan SANA-nın dərc etdiyi açıqlamaya görə, hökumət və YPG terror təşkilatı Haseke əyalətinin gələcəyi ilə bağlı bir sıra məsələlərdə razılığa gəliblər. Bəyanatda YPG-yə işğal etdiyi ərazilərin inteqrasiyası üçün ətraflı plan hazırlamaq və məsləhətləşmələr aparmaq üçün dörd gün vaxt verildiyi qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az