Britaniya mediası ABŞ-la bağlı növbəti sensasiyalı iddia ilə çıxış edib.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalist araşdırmalarında ABŞ-ın Merilend ştatında yerləşən Pataksent-River aviabazasının onilliklərdir naməlum uçan obyektlərin (UFO) gizli şəkildə saxlanıldığı əsas mərkəz olduğu irəli sürülür.
Məqalədə adı açıqlanmayan amerikalı hərbi ekspertlərə istinadən bildirilir ki, bu bazada hələ 1950-ci illərdən etibarən yerüstü olmayan mənşəli, tam funksional uçuş aparatı mühafizə olunur. İddialara görə, obyekt ciddi nəzarət altındadır və baza ərazisi həm mühafizə sistemləri, həm də xarici kəşfiyyat vasitələrinin diqqət mərkəzindədir.
Yazıda vurğulanır ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin tədqiqat strukturları gizli anqarlar və yeraltı bunkerlərdə bu naməlum texnologiyaları öyrənməyə, onların hərbi məqsədlər üçün tətbiq imkanlarını araşdırmağa çalışırlar. Pataksent-River bazasının rəsmi olaraq iri sınaq mərkəzi statusu da məhz bu fəaliyyətlər üçün ideal örtük hesab olunur.
Xatırladılır ki, daha əvvəl ABŞ kəşfiyyatının sabiq əməkdaşı Luis Elizondo Konqres üçün hazırladığı hesabatda həmin bazada yerdənkənar texnologiyaların analizinə xidmət edən xüsusi anqarların mövcudluğuna işarə etmişdi.
Bununla yanaşı, mediada yayılan digər məlumatlarda ABŞ prezidenti Donald Trampın yaxın aylarda, ABŞ-da keçiriləcək beynəlxalq tədbirlərdən biri zamanı yadplanetli sivilizasiyaların mövcudluğu ilə bağlı gözlənilməz açıqlama verə biləcəyi ehtimalı da səsləndirilir.