ABŞ etirazçılara qarşı zorakılığa görə iranlı rəsmilərə sanksiya tətbiq etdi


ABŞ administrasiyası İranda etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan bəzi təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar elan etdi.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) "fundamental azadlıqlar və iqtisadi təhlükəsizlik" tələbi ilə küçələrə çıxan "İran xalqına qarşı repressiyaların memarlarına" sanksiyalar tətbiq etdiyini açıqladı.

Bəyanatda həmçinin İran elitasına ölkənin təbii sərvətlərindən gəlirləri "oğurlamağa və yumağa" imkan verən "kölgə bank şəbəkələri"nə qarşı tədbirlərin görüldüyü vurğulanıb.

Bəyanatda qeyd olunur ki, bu gün sanksiya tətbiq edilən İran təhlükəsizlik rəsmiləri arasında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də var və əlavə olunur: "Laricani xalqın qanuni tələblərinə güclü cavab verməyə çağıran ilk İran liderlərindən biri olub".

Bəyanatda iddia edilir ki, etirazlar başlayandan bəri İran təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı döyüş sursatlarından istifadə edərək İran xalqını həyat və azadlıqlarından məhrum edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ