İranda ötən həftədən başlayan və son gecə daha da kəskinləşən etiraz aksiyaları artıq ölkə miqyasında üsyan xarakteri almaqdadır.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, küçələr səngimir, narazılıq dalğası təkcə böyük şəhərlərlə məhdudlaşmır, əyalət və rayonlara da yayılır.
Sosial şəbəkələrdə yayılan çoxsaylı videolar gecə saatlarında küçələrə çıxan kütlələri, yanan obyektləri, təhlükəsizlik qüvvələri ilə qarşıdurmaları açıq şəkildə göstərir.
Məlumata görə, etirazların başlanğıc səbəbi İran iqtisadiyyatında dərinləşən böhran olub. Sürətlə artan inflyasiya, ərzaq məhsullarının bahalaşması, İran rialının kəskin dəyər itirməsi və hiperinflyasiya əhalinin səbr kasasını daşırıb. İlkin mərhələdə etirazlar əsasən Tehran əsnafı və şəhər əhalisinin sosial-iqtisadi narazılığı kimi ortaya çıxsa da, proses qısa müddətdə siyasi məzmun qazanıb.
Hazırda etirazlar 27 vilayəti əhatə edir, universitetlərə, sənaye bölgələrinə və kiçik şəhərlərə yayılıb. Küçələrdə səslənən şüarlar artıq təkcə iqtisadi yox, rejim dəyişikliyi çağırışlarını da ehtiva edir.

Yayılan görüntülərdən də göründüyü kimi, aksiyalarda qadınların iştirakı xüsusi diqqət çəkir. “İranda gecə etirazları – qadınlar belə küçəyə çıxdı” məzmunlu videolar sosial mediada geniş yayılıb. Bu faktor etirazların miqyasının və dərinliyinin artdığını göstərən mühüm göstərici kimi qiymətləndirilir.
İnsan haqları təşkilatlarının bazar gecəsi yaydığı məlumatlara əsasən, qarşıdurmalar zamanı 19 etirazçı və 1 təhlükəsizlik əməkdaşı həlak olub, 990 nəfər saxlanılıb. Hakimiyyət aksiyaların “qanunsuz” və “təxribat xarakterli” olduğunu bildirərək, təhlükəsizlik qüvvələrinin güc tətbiqini davam etdirdiyini gizlətmir. Rəsmilər bir tərəfdən “legitim iqtisadi narazılıqları” qəbul etdiklərini desələr də, digər tərəfdən etirazların üsyana çevrilməsinə icazə verilməyəcəyini bəyan edirlər.
Musavat.com yazarı hesab edir ki, İranın əsas problemi ölkənin ideoloji-dini model əsasında idarə olunmasıdır. Molla rejimi İranı bir dövlət kimi deyil, sanki dini sekta kimi idarə edir. Bu yanaşma isə dövlət idarəçiliyində vacib olan praqmatizmi arxa plana keçirir. Nəticədə İran illərdir sanksiyalar altında qalır, iqtisadiyyat çökür, xalq isə yoxsullaşır və çıxılmaz vəziyyətə sürüklənir.
Bunun fonunda İranın ABŞ, İsrail, Türkiyə, Azərbaycan və ərəb ölkələri ilə münasibətlərinin gərgin və ya soyuq olması vəziyyəti daha da ağırlaşdırır. Ölkə faktiki olaraq dünya ilə konfrontasiya şəraitində yaşayır.
Etirazların fonunda ABŞ prezidenti Donald Trump-ın İranla bağlı sərt bəyanatları da Tehranda ciddi narahatlıq yaradır. Venesuelada Nikolas Maduro-nun və arvadının öz yataq otağından götürülməsi baş verdikdən sonra İran hakim dairələrində qorxu atmosferini güclənib. Xatırladaq ki, iyun ayındakı 10 günlük müharibə zamanı İranın yüksək rütbəli hərbi və təhlükəsizlik rəhbərləri öz evlərində, yataqlarında İsrail raketləri ilə vurularaq, öldürülmüşdü. İndi isə İranın ali ruhaniyyatının qaçırılma ssenariləri də açıq şəkildə müzakirə olunur.
Bütün bu faktorlar fonunda iddialar səslənir ki, Venesueladan sonra növbəti hədəf İran ola bilər. Daxildə kütləvi xalq etirazlarının genişlənməsi isə bu riski daha da artırır.