Pakistan Xarici İşlər Nazirliyi bu gün Pekində Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə çinli həmkarı Vanq Yi arasında keçirilən görüşlə bağlı X platformasındakı rəsmi hesabında məlumat yayıb.
Turkustan.az xəbər verir ki, Pakistan və Çin müharibənin dayandırılması istiqamətində birgə addımların vacibliyini vurğulayıblar.
Bəyanata əsasən, görüş zamanı Yaxın Şərqdə baş verən hadisələri müzakirə edən tərəflər hərbi əməliyyatların dərhal dayandırılmasına, münaqişənin genişlənməsinin qarşısının alınmasına və zərər çəkmiş ərazilərə humanitar yardımın çatdırılmasına şərait yaradılmasına çağırış ediblər.
Tərəflər qeyd ediblər ki, münaqişələrin həllinin yeganə yolu dialoq və diplomatiyadır. Bu çərçivədə bölgədə sülh və sabitliyin bərpası üçün “beş maddəlik birgə təşəbbüs” üzərində razılıq əldə olunub.
Həmin təşəbbüs aşağıdakı məqamları əhatə edir:
Hərbi əməliyyatların dərhal dayandırılması
Sülh danışıqlarına mümkün qədər tez başlanması
Mülki əhalinin qorunması
Naviqasiya marşrutlarının təhlükəsizliyinin təmin edilməsi
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə riayət olunması
Bundan əlavə, tərəflər İran və digər Körfəz ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb, mülki şəxslərə və mühüm infrastruktura qarşı hücumların dayandırılmasına çağırıblar.
Aytən Yaşar/ Turkustan.az