İranın raketləri niyə bitmir?


Fevralın 28-dən başlayan ABŞ-İran müharibəsi davam edir. ABŞ rəsmiləri, o cümlədən, prezident Donald Trampın açıqlamaları müharibənin hələ bir müddət də davam edəcəyini göstərir.

Bu barədə ötən gün ABŞ lideri Donald Tramp mediaya açıqlamasında aydın mesaj verib. O, qeyd edib ki, ABŞ əməliyyatı 2-3 həftə ərzində yekunlaşdıracaq və bu, İranın Vaşinqtonla razılaşma əldə edib-etməməsindən asılı olmayacaq.

İran isə raket potensialı sayəsində müqavimətini davam etdirir.

Modern.az xəbər verir ki, ABŞ kəşfiyyat məlumatları ilə tanış olan bir sıra mənbələr İranın raketlərinin təxminən üçdə biri ilə bağlı vəziyyətin aydın olmadığını bildiriblər. Qeyd ediblər ki, bombardmanlardan sonra onlar ya zədələnib, ya məhv edilib, ya da bunker və tunellərdə gizlədilib. Kəşfiyyat məlumatlarına görə, İran hələ də əhəmiyyətli raket ehtiyatına malikdir. ABŞ müharibənin əvvəlində İranın neçə raketə sahib ola biləcəyi barədə kəşfiyyat məlumatlarını açıqlamayıb. İsrail hərbi rəsmiləri isə bildiriblər ki, müharibə başlamazdan öncə, Tehranın İsrail ərazisinə çata bilən 2500 ballistik raketi var. Hazırda həmin raketlərin sayının mindən az olduğu bildirilir.

ABŞ prezidenti Donald Tramp çıxışlarının birində İranın çox az raketinin qaldığını bildirmişdi.

"Biz deyirik ki, (onların raketlərinin) 99%-ni məhv etmişik. Bir faiz qəbuledilməzdir, çünki 1 faiz belə milyard dollarlıq gəmini vura biləcək raket deməkdir", - deyə ABŞ prezidenti təəssüflə bildirib.

Lakin İsrail ordusu hesab edir ki, ərazisində yerləşən raket buraxıcılarının təxminən 70%-i müharibə zamanı məhv edilib. "Lakin, sistemlərin qalan 30 faizini məhv etmək "çətin" olacaq", - deyə qeyd olunub.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-i səhər saatlarında İrana qarşı müharibəyə başlayıb, ölkə daxilindəki hədəflərə kütləvi hücumlar təşkil ediblər. İranın Ali Lideri Ayətullah Əli Xamenei və çoxsaylı yüksək vəzifəli məmurlar və təhlükəsizlik işçiləri öldürülüb. Əli Xameneidən sonra hakimiyyətə onun 56 yaşlı oğlu Müctəba Xamenei gəlib.


MANŞET XƏBƏRLƏRİ