Suriya prezidenti Əhməd əl-Şara müxalifətin keçmiş qərargahında keçirilən toplantıda çıxış edib.
Turkustan.az xəbər verir ki, Şara dəbdəbəli maşınlarla gələn 100-dən çox iş adamına belə deyib:
"Dövlətin bu qədər yüksək maaş verdiyini bilmirdim! İnqilab övladları olduğunuzu unutmusunuz? Pul belə tez ağlınızı başınızdan aldı?"
Reuters-ə danışan iki mənbə bildirib ki, Şara bu sözləri qapıda dəbdəbəli maşınları gördükdən sonra deyib.
14 illik vətəndaş müharibəsindən sonra Bəşər Əsədi devirmiş Şara hakimiyyətinin ilk on ayında ciddi problemlərlə üzləşib. Yeni administrasiya daxilində keçmiş müxalifət qrupları arasında məzhəblərarası toqquşmalarda evlər talan edilib, 2 000-dən çox insan həyatını itirib.
İki dövlət məmurunun sözlərinə görə, avqustun 30-da İdlibdə keçirilən görüşdə Şara dövlət qulluqçularına xəbərdarlıq edib:
"Lüks avtomobillərinizi təhvil verin, əks halda korrupsiya araşdırmaları ilə üzləşəcəksiniz."
Bəzi iştirakçıların görüşdən sonra avtomobillərin açarlarını geri qaytardığı bildirilir.
Ekspertlər bildirirlər ki, Şara üçün ən böyük problem Əsədin devrilmiş rəhbərliyindən dövlət hakimiyyətinə keçid zamanı kök salmış korrupsiya mənzərəsini dəyişməkdir.
Suriya İnformasiya Nazirliyi məsələ ilə bağlı açıqlamasında dövlət işçiləri arasında korrupsiya şübhələrinə qətiyyən yol verilməyəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            