Türk liderlər vaxtaşırı öz çıxışlarında Xalq şairi Bəxtiyar Vahabzadədən sitatlar gətirirlər. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusilə seçilib. Bu dəfə isə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin şairin “Türkün türklə ədavətə haqqı yoxdur” fikrini vurğulaması maraqla qarşılanıb.
Bəxtiyar Vahabzadəni türk dünyasında bu qədər sevdirən, onun şeirlərindən parçaları prezidentlərin məruzəsinə salan hansı amildir?
Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, Bəxtiyar Vahabzadə türk dünyasında böyük hörmət, sevgi ilə anılan şair və ziyalılardandır:
“Onun yaradıcılığında türklük və milli birlik ideyası hər zaman əsas mövzulardan biri olub. Bu səbəbdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, eləcə də Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev öz çıxışlarında tez-tez Vahabzadənin fikirlərinə, şeirlərinə istinad ediblər. Türk dövlətlərinin digər yüksək vəzifəli şəxsləri də onun yaradıcılığına müraciət edərək, fikirlərindən nümunələr gətiriblər. Bu, Bəxtiyar Vahabzadənin türkçülük və turançılıq ideyalarının türk xalqlarının birliyi, bütövlüyü, güclənməsi istiqamətində daşıdığı dərin mənanı göstərir”.
Faiq Ələkbərli
Tarixçi bildirib ki, Xalq şairinin düşüncələrində türklük ideyası insanlıq, ədalət və haqq prinsipləri ilə səsləşir:
“Tokayevin “Türkün türklə ədavətə haqqı yoxdur” sitatını vurğulaması da təsadüfi deyil. Tarixən türk dövlətləri arasında müəyyən ziddiyyətlər olsa da, bu gün əsas məqsəd birliyə və əməkdaşlığa yönəlməkdir. Türk dövlətlərinin inteqrasiyasında və birliyin formalaşmasında Bəxtiyar Vahabzadənin rolu danılmazdır. O, XX əsrin sonlarında türk dünyasının mənəvi oyanışına mühüm töhfələr verib. Bu gün onun yaradıcılığına təkcə Azərbaycan və Türkiyədə deyil, Qazaxıstan, Özbəkistan və digər türk dövlətlərində, həmçinin başqırd, tatar, yakut, xakas və kumuk kimi türkdilli xalqlar arasında da böyük dəyər verilir. Bəxtiyar Vahabzadə gələcəkdə də türk dünyasının ideoloji və mənəvi dayaqlarından biri olaraq qalacaq”.