Rusiyada miqrantlara qarşı sərtləşən qanunlar artıq iş yerlərindən ailə həyatına, indi isə məktəblərə qədər uzanır. Rusiya indi də məktəb siniflərinə yeni sərhəd çəkir. Belə ki, Dövlət Duması miqrant uşaqların sayını azaltmağı təklif edir. Təklifin izahında “rus dilini zəif bilən uşaqların tədris prosesini ləngitməsi” əsas arqument kimi göstərilir. Yəni məqsəd kimi müəllimlərin əlavə yükünün azalması, sinifdə ümumi təhsil səviyyəsinin qorunması təqdim olunur.
Lakin bu tip məhdudiyyətlər eyni zamanda sosial inteqrasiyanı çətinləşdirə, problemi həll etmək əvəzinə daha da kəskinləşdirə bilər.
Mövzuyla bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Azər Allahverənov bildirdi ki, bu qanunun tətbiq edilməsi Rusiyanın özünün də təhsil problemlərinə yol açacaq.
“Konkret olaraq Rusiya tərəfi şərt qoyur ki, miqrant uşaqları üçün siniflərdə limit tətbiq edilsin. Burada müxtəlif təkliflər var: kimisə 3-5 uşaq deyir, kimisə daha az olmasını tələb edir. İstənilən halda görünən odur ki, burada say üzərində müəyyən manipulyasiyalar gedir. Ola bilər ki, kompakt siniflər yaradılsın, müəyyən yerdəyişmələr edilsin.
Ancaq bu qaydaların tətbiqi Rusiyanın özünün də təhsilində müəyyən problemlərə yol aça bilər. Məsələn, siniflər, tədris saatları, iş bölgüsü konkretləşdirilir, müəllim heyəti təyin edilir. Fərz edək ki, həmin siniflər buraxıldı, miqrant şagirdlər başqa məktəblər arasında bölüşdürüldü. O zaman saat yükü azalacaq, maaş aşağı olacaq, bəzi müəllimlər işsiz qalacaq, bu da narazılığa gətirib çıxaracaq”.
Millət vəkili qeyd etdi ki, Rusiyanın miqrantlarla mübarizəsi həm əməkçi miqrantlara, həm də onların ailəsinə toxunur. Konkret yanaşma bundan ibarətdir ki, qanunsuz miqrantlar ölkədən çıxarılmalıdır, qanun daxilində isə sayı azaldılmalıdır.
“Rusiyada anti-miqrant ritorikası o qədər güclüdür ki, bunun əleyhinə çıxanların səsləri demək olar ki, eşidilmir. Bütün bunlar tək azərbaycanlı ailələrinin deyil, Rusiya ərazisində olan digər miqrantlara da maneələr yaradan amillərdəndir. Yəqin ki, indi payız sessiyasında yeni və daha sərt qanunların qəbul ediləcəyinin şahidi olacağıq”, – deyə o vurğuladı.
A.Allahverənov həmçinin bildirdi ki, hələ ki kütləvi şəkildə miqrant uşaqların təhsildən kənarlaşdırılması müzakirə predmeti deyil:
“Ümid edək ki, Rusiyanın Təhsil Nazirliyi bununla bilavasitə məşğul olacaq, aidiyyatı qurumlar öz yanaşmasını sərgiləyəcək. Çünki kənardan müdaxilə etmək, məsələ ilə bağlı dialoqa girmək praktiki cəhətdən mümkün deyil, nəzərə alaq ki, Rusiya öz daxili qanunvericiliyini tənzimləyir. Əgər kütləvilik yaranarsa, aidiyyatı üzrə məsələyə münasibət bildirməyə ehtiyac yaranar. Güman ki, o səviyyəyə də çatmayacaq. Çünki söhbət təkcə Azərbaycan uşaqlarından getmir, bu, ümumi miqrantları əhatə edən məsələdir”.