ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında bu gün baş tutan telefon danışığı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Danışıq zamanı Trampın Zelenskidən "Moskva və Sankt-Peterburqa niyə zərbə endirmirsən?" sualını verdiyi, Zelenskinin isə "Əgər siz bizə həmin silahları versəniz, vura bilərik" cavabını verdiyi bildirilir.
Bu açıqlamalar Trampın Ukrayna münaqişəsinə münasibətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt mövqeyini daha açıq şəkildə ortaya qoyaraq, Ukraynaya daha müasir və uzaqmənzilli silahların verilməsini dəstəklədiyini göstərib.
Maraqlıdır görəsən, bu danışıq həm də Rusiyaya birbaşa xəbərdarlıq idi? Ukraynaya silah verilərsə, Moskva vurula bilərmi? Turkustan.az olaraq bu suallarımızı politoliq Oqtay Qasımova ünvanladıq. Ekspert bildirdi ki, əslində, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında belə bir gərginliyin yaranacağı əvvəlcədən gözlənilirdi.
Oqtay Qasımov
Hələ fevral ayından, Rusiya ilə ABŞ arasında intensiv danışıqlar başladığı vaxtdan hərbi ekspertlər qeyd edirdilər ki, Rusiya vaxt udmağa, prosesləri öz maraqları istiqamətində yönəltməyə çalışır və ABŞ-ın Ukraynaya göstərdiyi təzyiqlərdən bu məqsədlə istifadə etmək niyyətindədir.
Putinin niyyətləri əvvəldən bəlli idi, lakin Tramp bu prosesə səbir və soyuqqanlılıqla yanaşaraq, aylarla davam edən diplomatik prosesi idarə etdi. Nəhayət, aprel ayının sonunda Tramp ilk dəfə olaraq Putinə açıq şəkildə narazılığını ifadə etdi və müəyyən təhdid xarakterli açıqlamalarla çıxış etdi.
Artıq iyulun 3-də baş tutan telefon danışığı isə bu gərginliyin zirvə nöqtəsi oldu, necə deyərlər bardağı daşıran son damla. Putin bu danışıq zamanı faktiki olaraq mövqeyini açıq şəkildə ortaya qoydu və bildirdi ki, istədiyi hədəfə çatmayana qədər savaşı dayandırmaq niyyətində deyil.
Bundan sonra Tramp mövqeyini daha sərt şəkildə ortaya qoydu və Ukraynaya yardımın artırılması barədə qərar verdi. Əvvəllər o, bu yardımı Ukraynaya təzyiq aləti kimi istifadə edirdi, lakin hazırda NATO ölkələri vasitəsilə "Patriot" raket sistemlərinin belə Ukraynaya göndərilməsi gündəmdədir.
Tramp bir tərəfdən siyasi məsələləri idarə edir, digər tərəfdən isə hərbi yardımı bir növ kommersiya alətinə çevirib. O, ABŞ ictimaiyyətinə də bəyan edir ki, bu yardımlar pulsuz deyil, əksinə, Amerika iqtisadiyyatına fayda verən kommersiya layihəsidir.
Zelenski ilə bu gün baş tutan danışıqlar da əslində Moskvaya ünvanlanmış ciddi bir mesajdır. Tramp açıq şəkildə bildirir ki, əgər Rusiya 50 gün ərzində atəşkəsə razı olmasa, vəziyyət kəskin şəkildə dəyişəcək. ABŞ Ukraynaya daha müasir, uzaqmənzilli və yüksək dəqiqliyə malik silahlar verə bilər ki, bu da Rusiya üçün son dərəcə arzuolunmaz bir vəziyyətdir.
Rusiya da yaxşı anlayır ki, əgər ABŞ arsenalında olan həmin silahları Ukraynaya təhvil versə, Moskva və Sankt-Peterburq Ukraynanın dəqiq hədəflərinə çevrilə bilər.
Aytən Yaşar/ Turkustan.az