Rusiya üçün kritik mərhələ başladı – Putin “ölüm fərmanı”na belə imza atacaq


Rusiya ordusu son altı ay ərzində Ukraynada dəhşətli sayda itkilər verib. Bununla bağlı statistik göstəriciləri açıqlayan ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, qeyd olunan müddətdə 100 min rus əsgəri həlak olub. Bu isə müharibənin şiddətini və hərbi gücün sərt təsirini bir daha nümayiş etdirir. Hazırkı proses yalnız bir ölkənin müharibə uğrunda verdiyi qurbanlar deyil. Hər bir itirilən əsgər bir ailənin, cəmiyyətin, millətin həyatını dəyişir. Digər tərəfdən, sözügedən və davamlı təkrarlanan itkilərin müharibənin gələcəyinə necə təsir göstərəcəyi, Rusiya Prezidenti Vladimir Putinin buna görə geri çəkilib-çəkilməyəcəyi suallar doğurur. Ekspertlər bildirir ki, bu qədər insan tələfatı rus ordusunun uzunmüddətli döyüş qabiliyyətini zəiflədə bilər. Nəticədə müharibənin siyasi və strateji nəticələrinin dəyişməsi mümkündür.

Rusiya bu qədər itkilərlə mübarizəni davam etdirə biləcəkmi? Belə dəhşətli zərbələr qarşısında Putin geriyə çəkilmək məcburiyyətində qalacaqmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, qeyd olunan rəqəmlər reallığı əks etdirir:

“Ukraynanın yayımladığı gündəlik məlumatlar da bunu təsdiqləyir. Bu itkilər Rusiya ordusunun döyüş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edib. Rəsmi Kreml müharibə səylərini gücləndirmək üçün Şimali Koreyadan 15 minə yaxın hərbçini döyüşlərə cəlb etməyə məcbur olub. Bundan əlavə, müxtəlif bölgələrdən – Orta Şərq, Cənub-Şərqi Asiya, Neapol, Hindistan və digər yerlərdən muzdlu döyüşçüləri öz ərazisinə dəvət edib. Bu addımlar, hələlik müharibədə ciddi bir dönüş yarada bilməyib. ABŞ rəsmisi bu rəqəmləri xatırlatmaqla əslində, Rusiya tərəfinə müharibənin mümkün riskləri barədə mesaj göndərir. Müharibənin uzun sürməsi Moskvanın itkilərini daha da artıracaq və mənfi nəticələrə səbəb olacaq. Bu səbəbdən, Rusiya atəşkəsə razı olmalı və danışıqlar masasına geri dönməlidir. Lakin Putinin ABŞ Prezidenti Donald Trampla etdiyi müzakirələrə diqqət yetirsək, görərik ki, onlar bunu total müharibəyə çevirmək və davam etmək niyyətindədirlər”.

Politoloq qeyd edib ki, Rusiya Ukraynanı parçalamaq və onu Qara dənizdən tamamilə məhrum etməklə, imperiyanın sərhədlərini bərpa etmək istəyir:

“Lakin hazırkı şərtlərdə Moskvanın bu məqsədlərə çatması real görünmür. Eyni zamanda, Trampın məsələyə münasibətindəki dəyişiklikləri də görürük. Artıq Ukraynaya lazım olan müəyyən hərbi vəsaitlərin, o cümlədən hava hücumundan müdafiə sistemlərinin artırılmasına başlanıb. Bu, Rusiyanın müharibə strategiyasına ciddi təsir göstərə və Ukraynanın müqavimətini gücləndirə bilər. Xüsusilə, Rusiyanın son aylarda Ukrayna hava məkanına yüzlərlə dron və raket atması bu təhlükənin qarşısının alınması üçün atılan addımların vacibliyini bir daha göstərir. İtkilər uzun müddət davam etdiyi halda, şübhəsiz ki, Kremlin vəziyyəti daha da ağırlaşacaq”.

O.Qasımov vurğulayıb ki, indiki vəziyyətdə savaşın dayandırılması ilə bağlı qərarın qəbul edilməsi ehtimalı azdır:

Rusiya hələ ki, mübarizəni davam etdirməkdə qərarlıdır və itkilərini göz önünə alaraq strateji dəyişikliklər etməyə üstünlük verir. Belə bir vəziyyət bəlkə də aylar, hətta illərlə davam edəcək bir müharibəyə səbəb olacaq. Bu da Rusiyanın iqtisadi və sosial vəziyyətini daha da pisləşdirəcək, sonda geri çəkilmək məcburiyyətində qalacaq”.


MANŞET XƏBƏRLƏRİ