Ermənistan xarici işlər naziri Mirzoyan Rusiya xarici işlər naziri Lavrovun “Erməni kilsəsinə edilən hücumlardan ciddi narahatıq” açıqlamasına “Lavrovun Ermənistanın daxili işlərinə qarışmaması daha düzgün olardı” deyə cavab verib.
Turkustan.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu ölkədə danışıqlar aparan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə keçirdiyi mətbuat konfransında Lavrovun Ermənistandakı hadisələrlə bağlı açıqlamalarını dəyərləndirib.
Lavrovun "iqtidarın kilsəyə qarşı mübarizəsi" ifadəsini işlətdiyini deyən Mirzoyan: "Lavrovun verdiyi məlumatlar heç də həqiqəti əks etdirmir. Ermənistanda hüquqi proses gedir və bu, Ermənistanın daxili işidir. Lavrovun Ermənistanın daxili işlərinə qarışmaması daha yaxşı olardı" deyib.
Eyni çağırışı Lavrova, eləcə də rusiyalı deputatlara və media mənsublarına da etdiyini qeyd edən Mirzoyan: “Rusiya rəsmiləri, parlamentariləri və media ekspertləri Ermənistanın suverenliyinə daha çox hörmət göstərməli və bir daha heç vaxt daxili işlərimizə qarışmağa cəsarət etməməlidirlər” deyib.
Rusiyanın xarici işlər naziri Lavrov deyib: “Biz erməni kilsəsinə edilən hücumlardan ciddi şəkildə narahatıq”.
Aytən Yaşar/ Turkustan.az