Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Bakir Səfərov isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb. Saxlanılanlar hamısı Rusiya vətəndaşı olan azərbaycanlılardır. Sonradan Rusiya İstintaq Komitəsi həyasız şəkildə bir iddia irəli sürdü. Guya ölən qardaşlardan biri ürək çatışmazlığından dünyasını dəyişib. Bununla əlaqədar Azərbaycan tərəfi Rusiyanın bütün mədəni tədbirlərini təxirə salıb, Rusiya səfirinin müvəqqəti işlərini məhdudlaşdırıb.
Təyyarə qəzasına görə hələ də üzr istəməyən Rusiya Azərbaycana qarşı niyə belə bir addım atdı? Bu hadisə Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Turkustan.az olaraq bu suallarımızı politoloq Tural İsmayılova ünvanladıq. Ekspert bildirdi ki, Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən vəhşilik Rusiyanın iç üzünü, əsl niyyətini bir daha ortaya qoydu.
Tural İsmayılov
Bu, təkcə cinayət deyil, həm də Azərbaycan xalqına qarşı açıq-aşkar hörmətsizlikdir. Rusiya hakimiyyətinin məsuliyyətsizliyi və bu cür hallara göz yumması sübut edir ki, Moskva üçün “müttəfiqlik” anlayışı yalnız öz maraqları ilə məhdudlaşır. Rusiya şəhərlərində azərbaycanlılara qarşı zorakılıq həyata keçirilir, amma heç bir hüquqi-siyasi qiymət verilmir. Bu, artıq sistematik təhqirdir. Rusiya postsovet məkanında nəzarət mexanizmini itirdikcə etnik gərginliklər vasitəsilə təsir yaratmağa çalışır. Azərbaycan xalqı bu cür münasibətə dözmək məcburiyyətində deyil və qalmayacaq da. Rusiya ilə münasibətlər balanslı olsa da, bu balans heç zaman Azərbaycanın milli ləyaqətindən üstün ola bilməz. Azərbaycan dövləti və cəmiyyəti bu hadisəni unutmayacaq və unutmağa da qoymayacaq. Kreml bilməlidir ki, bu xalqın yaddaşı güclüdür. Əgər Rusiya bu siyasətini davam etdirərsə, nəinki Cənubi Qafqazda, ümumiyyətlə, türk dünyasında etibarını birdəfəlik itirəcək. Azərbaycanın səbrini sınamaq ağılsızlıqdır. Azərbaycanın dostluğu qiymətlidir, amma düşmənliyi çox baha başa gələr.
Aytən Yaşar/ Turkustan.az