Erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyə edilən yeni dəyişiklik 1 iyul 2025-ci il tarixindən qüvvəyə minir.
Turkustan.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli Qanunu sabahdan etibarən qüvvəyə minir.
Bu qanunla, erkən evlilik hallarına yol verilməsinin qarşısını almaq, uşaqların və gənclərin hüquqlarını müdafiə etmək, habelə qohum nikahlarından qaynaqlanan genetik və sosial risklərin qarşısını almaq məqsədilə bir sıra yeni hüquqi normalar müəyyən olunmuşdur.
Qanunda AR Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunmuşdur.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.
Məcəlləyə əlavə edilən 176-2-ci maddə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Belə ki, əksər hallarda iyirmi yaş həddində gənclər əsasən valideynlərinin təkidi və istiqamətləndirilməsi nəticəsində evliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinə görə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayanlarla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkibi mövcud olduqda məsuliyyətə cəlb olunurlar. Məqsəd isə evliliyə daxil olan şəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması və cəzalandırılmasıdır.
Qanunda həmçinin AR Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) nəzərdə tutulan, aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı normalar əks olunmuşdur. Belə ki, yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcəkdir.
Qanunun qəbulu yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı ölkədə mövcud olan problemlərin qarşısının alınması məqsədi daşıyır. Hər iki məsələ özünün neqativ fəsadları ilə insan hüquq və azadlıqlarının təmin edilməsinə və eyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olan məsələlərdir.
Qanunvericiliyə edilən bu mühüm dəyişikliklər erkən evlilik və qohum nikahlarına qarşı güclü addım olaraq cəmiyyətin sağlam gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır və gələcək nəsillərin sağlam formalaşmasına xidmət edir. Bu, təkcə hüquqi deyil, eyni zamanda ictimai məsuliyyət tələb edən məsələdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, hər bir vətəndaşı, xüsusilə də media nümayəndələrini cəmiyyətimiz üçün vacib olan bu məsələyə diqqət yetirməyə, erkən evlilik və qohum nikahlarının qarşısının alınması istiqamətində maarifləndirici fəaliyyətlərə dəstək göstərməyə, həmçinin qəbul olunmuş qanunun icrasına töhfə verməyə dəvət edirik. /Modern.az/