Ermənistan Müdafiə Nazirliyi müvafiq ödəniş müqabilində 2 ildən az müddətdə müddətli həqiqi hərbi xidmət keçmək imkanının yaradılmasını təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Layihəni bu gün hökumətin iclasında müdafiə naziri Suren Papikyan təqdim edib: "Məcburi hərbi xidmətin 24 aydan az müddətə başa çatdırılması imkanının müəyyən edilməsi təklif edilir. Hərbi xidmətdə 1 ay müddətinə xidmət etdikdə dövlət büdcəsinə 20 milyon dram (təxminən 88 min 840 manat), 6 ay müddətində xidmət etdikdə isə 15 milyon dram ödəmək şərti ilə".
Layihədə həmçinin məcburi hərbi xidmətdə olmanın yuxarı yaş həddinin 27 deyil, 37 yaş müəyyən edilməsi təklif olunur.
Kişi vətəndaşların 16 yaşına (hərbi qeydiyyat yaşı) çatanadək Ermənistan vətəndaşlığından çıxmaq üçün ərizə verməsi üçün dövlət rüsumunun məbləği 15 milyon dram müəyyən edilib.
Müdafiə naziri Suren Papikyan qeyd edib ki, Müdafiə Nazirliyi layihəyə dəyişikliklərlə bağlı artıq təkliflər verib.
Nazirlik 1 aylıq xidmət haqqının 24 milyon drama qədər artırılmasını, 6 aylıq xidmət əvəzinə 18 milyon dram ödənişin edilməsini, hərbi xidmətə çağırış yaşının 37 deyil, 32 yaş müəyyən edilməsini təklif edib. Nazir qeyd edib ki, layihə müəllifi dəyişikliklərlə razılaşıb və onlar yaxın vaxtlarda ediləcək. /unikal.az/