“İnflyasiya Türkiyə turizmini vurur” – “Turistlər ölkədə qiymətlərin kəskin bahalaşmasından gileylənir”


Türkiyə uzun illərdir ki, avropalılar arasında ən populyar yay tətili məkanlarından biri olaraq qalır. Üstəlik, Türkiyə tez-tez Yunanıstanın daha bahalı kurortlarına nisbətdə sərfəli alternativ sayılırdı. Lakin son zamanlar bu tendensiya zəifləməyə başlayıb.

Turkustan.az xəbər verir ki, “Daily Express”-də dərc edilən yazıda belə deyilir.

Bununla belə, qeyd olunur ki, son bir ildə turistlər ölkədə qiymətlərin kəskin bahalaşmasından gileylənir və inflyasiya Türkiyə turizmini vurur.

Nəşr turistlərdən birinin paylaşımını misal göstərir. Orada 2025-ci ilin may ayının əvvəllərində Türkiyənin boş qalan Marmaris kurortunun videosu paylaşılır və qeyd olunur ki, bir il əvvəl bura inanılmaz dərəcədə səs-küylü və izdihamlı idi.

Nəşrin bildirdiyi kimi, “Statista” analitikləri qeyd edirlər ki, son vaxtlar Türkiyə kurortlarında qiymətlər kəskin artıb və bunun bir neçə səbəbi var: "Yerli istehsalçı qiymət indeksləri davamlı olaraq yüksəlir ki, bu da bütün istehlak malları və xidmətlərin qiymətlərinin yüksəlməsinə birbaşa səbəb olub. Buna uyğun olaraq, 2022-ci ildən etibarən bütün məhsul qruplarında istehlak qiymətləri indeksi (İQİ) kəskin şəkildə artdı. Eyni ildə qida və alkoqolsuz içkilər kateqoriyası ən yüksək inflyasiya dərəcələrindən birinə sahib oldu”.

Eyni zamanda, analitiklər qeyd ediblər ki, son vaxtlar Türkiyədə inflyasiyanın nisbətən zəifləməsinə baxmayaraq, ölkədə ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artıb və davamlı olaraq artmaqda davam edir.

Bununla yanaşı, bildirilir ki, Türkiyə hakimiyyət orqanları turizmi stimullaşdırmaq, o cümlədən qiymətlərin artımını aradan qaldırmaq, turizm təkliflərini genişləndirmək və infrastruktura sərmayə qoymaq üçün tədbirlər görür. /AzPolitika/


MANŞET XƏBƏRLƏRİ