Azərbaycanlı məşhurlar nə qədər pensiya alacaq? – Yüksək məbləğlər…


Xəbər verdiyimiz kimi, Azərbaycanda keçmiş məhkəmə sədri Vladimir Ruvinov pensiyası ilə bağlı məhkəməyə müraciət edib. Belə ki, o, 4615 manat məbləğində təyin olunan pensiyanın az olduğunu bildirərək, son iki ilin orta aylıq maaşının 80 faizi əsasında yenidən hesablanmasını tələb edib. Digər tərəfdən, bu məbləğ ölkədə çoxları üçün fantastikdir və belə yüksək pensiya almaq istəyən onminlərlə insan var.

Tanınmış şəxslərin gələcək pensiyaları nə qədər olacaq? Onlar hesablama aparıblarmı?

Globalinfo.az bununla bağlı bir neçə məşhur adlara sual ünvanlayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid bildirib ki, hesablamalarına görə, 700-800 manat civarında pensiya alacaq:

resad

Rəşad Məcid

“Hazırda jurnalistlərin maaşları nisbətən aşağıdır. Bu da onların təqaüdə çıxarkən az məbləğdə pensiya almalarına səbəb olur. Uzun illər bu sahədə çalışan bir çox jurnalist cəmi 400–450 manatla pensiyaya çıxır. Təqaüddə olan bəzi jurnalistlər təəssüflə bildirirlər ki, kaş, hüquq fakültəsini bitirib hakim və ya hüquqşünas olardıq. Çünki bu sahələrdə çalışanlar, eləcə də digər yüksək vəzifə tutan şəxslər daha yüksək miqdarda pensiya alırlar”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yığım hissəsindəki vəsaitinin həddindən artıq çox olduğunu deyib:

natiq ceferli real

Natiq Cəfərli

“Uzun müddət yüksək maaşlı işlərdə çalışmışam, həmçinin özəl sektor və fərdi sahibkar kimi konsaltinq fəaliyyəti ilə məşğul olmuşam. Bu müddət ərzində ödədiyim vergilər və sosial ödənişlər yüksək olub. Pensiyamın dəqiq məbləğini hələ bilmirəm, amma normadan yuxarı olacağına əminəm.”

Ağ Partiya sədri Tural Abbaslı pensiya ödənişlərinin ona maraqlı olmadığını vurğulayıb:

tural abbasli 11

Tural Abbaslı

“Bəzi ölkələrdə pensiya yaşına çatmaq elə uğurdur, çünki kifayət qədər yüksək təqaüdlər mövcuddur. Azərbaycanda isə bu məbləğ çox azdır. Yəqin ki, həmin yaşa çatanda pensiyanın ümidinə qalmayacağam. Ona görə bu barədə düşünməmişəm. Dövlət qulluğunda çalışan və digər bu qəbildən olan vəzifəlilərin pensiyalarını çıxmaqla, əksəriyyətin aldığı təqaüd simvolikdir. Bu, onların heç 1 aylıq dərman xərclərini ödəmir. Pensiya yaşı azaldılmalı, miqdarı artırılmalıdır”.

Vəkil Əkrəm Həsənov da pensiyasını hesablamadığını bildirib:

ekrem hesenov

Əkrəm Həsənov

“Həm Azərbaycanda, həm də dünyada pensiya sistemlərini uğursuzluq gözləyir. Çünki təqaüdçülər artır, doğum göstəriciləri və gənclərin sayı azalır. Hələ 17 ildən sonra pensiyaya çıxacam. Bu müddət ərzində ölkədə normal təqaüdün olacağına inanmıram. Düşünürəm ki, gələcəkdə pensiya fondunda vəsait ya kifayət qədər olmayacaq, ya da ümumiyyətlə tükənə bilər. Yəni buna bel bağlamaq olmaz”.


MANŞET XƏBƏRLƏRİ