Nazir böyük əməliyyata start verdi – Milyardlarla pul…


Xəbər verdiyimiz kimi, maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib. Belə ki, qurumun rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb. Bildirilir ki, Babayev böyük dəyişikliklərə hazırlıq görür. Sözügedən islahatlar isə bunun əyani sübutu kimi göstərilir. Ümumiyyətlə, S.Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərdiyi müddətdə də “qənaətcil məmur” kimi tanınıb. O, bu sahədə sistem yaratmağa çalışıb, şərtləri ağırlaşdırıb, nəzarəti artırıb.

Maliyyə Nazirliyindəki son islahatlar nə vəd edir?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, Maliyyə Nazirliyində islahatların olacağı gözlənilirdi:

“Sahil Babayevin bu nazirliyə rəhbər təyin olunması ilə sözügedən qurumda böyük dəyişikliklərin baş verəcəyi qaçılmaz idi. Məsələn, dövlət büdcəsində artıq qalan vəsait ilk dəfə ölkənin aparıcı banklarında yerləşdirildi. İndiyə qədər belə ənənə olmamışdı. Sahil Babayevin təyinatından sonra birinci dəfə 1 milyard manat, sonra iki dəfə ardıcıl olaraq 500 milyon manat qısamüddətli depozit şəklində banklara yatırıldı. Bu, həmin vəsaitlərin dövriyyəyə buraxılması və əlavə gəlir gətirməsi deməkdir. O ki qaldı strukturun özündəki dəyişikliklərə, əlbəttə, hər bir rayonda Maliyyə Nazirliyinin ayrıcı şöbəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bu mənada regional idarələrin yaranması təqdirəlayiqdir”.

perviz

Pərviz Heydərov

İqtisadçı bildirib ki, son islahatlarla vəsaitlərin qənaətinə nail olunacaq və onların səmərəli idarə olunması təmin ediləcək:

“Artıq qalan vəsaitlərin passiv qalmaması, xərclərə əlavə nəzarətin tətbiq olunması və sair getdikcə vacib əhəmiyyət daşıyır. Çünki dünyada neftin qiyməti düşür, ölkədə neft hasilatı azalır. Bunların qarşılığında vəsaitlərə qənatə edilməlidir”.

Ağ Partiya sədri Tural Abbaslı qeyd edib ki, regional şöbələrlə bağlı qərarlar nazirliyin daxili idarəçiliyə hesablanıb:

tural

Tural Abbaslı

“Bu da qənaət rejiminə keçid deməkdir. Lakin əhaliyə yönəlmiş addımlar daha önəmlidir. Sahil Babayevin bir müavinini başqası ilə əvəz etməsi sadə vətəndaşlara təsir etmir. Düşünmürəm ki, regional şöbələrin yaranması hansısa müsbət dəyişikliyə gətirib çıxarsın. Məsələn, nazirliyin cənub bölgəsindəki mərkəzini Lənkərana köçürürlər, nəticədə vətəndaş maliyyə ilə bağlı işini həll etmək üçün bura gəlməli olur. Bu da əlavə xərc deməkdir. Onsuz da iş problemi var. Belə ixtisarlar, mərkəzləşdirmələr işsizlərin sayını artır. Babayev yenə “qənaətcil nazir” görüntüsü vermək istəyir. Əminəm ki, gələcəkdə də oxşar addımlar atılacaq”.


MANŞET XƏBƏRLƏRİ