Bu şəxslər hərbi xidmətdən azad edilir – RƏSMİ


Qanuna əsasən, doktorantura səviyyəsində əyani təhsil alan şəxslər təhsil müddəti ərzində hərbi xidmətə çağırılmır. Bu, dövlətin elmi və təhsili inkişaf etdirmək istiqamətində konkret addımlardan biridir. Ancaq bu hüquq yalnız təhsil müddəti ilə məhdudlaşdırılır və məzun olduqdan sonra şəxslər hərbi xidmətə cəlb oluna bilərlər.

Turkustan.az xəbər verir ki, Azərbaycanda doktorantura təhsili alan şəxslərin hərbi xidmətdən azad olunması ilə bağlı da mühüm tənzimləmələr qüvvəyə minib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bizim.Media-ya açıqlamasında 2024-cü ilin sonlarında təsdiqlənmiş qaydalarla bağlı mühüm detalları xatırladıb:

“29 dekabr 2024-cü ildə Prezident İlham Əliyevin təsdiqlədiyi qərara əsasən, bakalavr təhsilini başa vuran şəxslər 24 yaşa qədər, magistratura pilləsini isə 26 yaşa qədər bitirməli və bitirməni təsdiq edən sənədi Dövlət Xidmətinə təqdim etməlidirlər. Əgər şəxs bu ardıcıllığı pozmadan doktoranturaya qəbul olunarsa, ona 3 illik təxirəsalınma hüququ verilir.

Həmin 3 il ərzində doktorant adını təsdiqləyən və elmi işini uğurla müdafiə edən namizədlər yalnız bu halda hərbi xidmətdən azad edilirlər. Əgər doktorant bu müddət ərzində elmi işini təsdiqləyə bilməzsə, təhsilini dondurmalı, hərbi xidmətini tamamlayıb, sonra təhsilini davam etdirməlidir”, – deyə bildirilib.

Qeyd edək ki, bu qaydalar doktorantura təhsili alan gənclərin həm təhsilini, həm də vətəndaşlıq borcunu balanslı şəkildə həyata keçirməsini təmin etmək məqsədi daşıyır.


MANŞET XƏBƏRLƏRİ