Yeniyetmələr arasında yayılan təhlükəli xəstəlik: Anoreksiya


Son dövrlərdə həm ölkəmizdə, həm də dünyada yeniyetmələr arasında ciddi şəkildə yayılmağa başlayan anoreksiya nevroza xəstəliyi narahatedici səviyyəyə çatıb. Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin yayılmasında sosial şəbəkələrdə təbliğ olunan qeyri-realist bədən gözəlliyi standartlarının rolu böyükdür.

Turkustan.az xəbər verir ki, İstanbul Prof. Dr. Cemil Taşcıoğlu Şəhər Xəstəxanasının Uşaq sağlamlığı üzrə mütəxəssisi Hüseyn Dağ qeyd edir ki, anoreksiya – bədənin enerji qəbulunun bilərəkdən kəskin şəkildə məhdudlaşdırılması və kilo alma qorxusu ilə müşayiət olunan ciddi psixoloji və fiziki sağlamlıq problemidir.

“Yemək pozuntuları müxtəlif formalarda ola bilər – bulimiya, qaçınan-qısıtlayıcı yemək pozuntusu və s. Amma bunların içərisində ən təhlükəlisi anoreksiya nevrozadır. Ən çox qızlarda müşahidə olunur. Lakin son dövrlərdə oğlan uşaqlarında da qeyri-tipik formalarına rast gəlirik”, – deyə o bildirib.

Mütəxəssis əlavə edir ki, anoreksiya olan yeniyetmələr bədən çəkilərinin çox aşağı olmasına baxmayaraq, özlərini kök hiss edir və daim çəki almaqdan qorxurlar. Bu da onların yeməkdən imtina etməsinə və ciddi qidalanma pozuntularına səbəb olur. “Əgər xəstəliyi erkən mərhələdə müəyyən edə bilsək, müalicə daha uğurlu olur. Amma çox vaxt yeniyetmələr bunu xəstəlik kimi qəbul etmədikləri üçün gecikirlər. Ailələr, adətən, övladlarının bariz dərəcədə arıqladığını və ya məktəbdə bayıldığını görəndə həkimə müraciət edirlər”.

Hüseyn Dağ bildirir ki, bəzi hallarda məktəbdə dərs zamanı huşunu itirən yeniyetmələr təcili yardımla xəstəxanaya çatdırılır və sonra onların anoreksiya diaqnozu aldığı məlum olur:

“Son zamanlarda normal bədən çəkisinə malik olan uşaqların belə pəhriz saxlaması təhlükəli tendensiyadır. Bədən uzunmüddətli aclığa adaptasiya olduqca, insan artıq aclıq siqnallarını hiss etmir. Bu da ciddi sağlamlıq risklərinə gətirib çıxarır”.

Mütəxəssisin sözlərinə görə, ailə üzvlərindən birində bu xəstəlik varsa, digər ailə üzvlərində də ortaya çıxma ehtimalı 10 qat artır. Bəzi hallarda yaxınlarının itkisi və ya psixoloji təzyiqlər (məsələn, çəki ilə bağlı sataşmalar) da bu xəstəliyin başlamasına səbəb ola bilər.

Prof. Hüseyn Dağ qeyd edir ki, sosial şəbəkələrdə “zəiflik = gözəllik” mesajı verilməsi bu problemin əsas qidalandırıcılarından biridir:

“Aparılan tədqiqatlara görə, qadınların yarısı, kişilərin isə təxminən dörddə biri öz bədənini bəyənmir. Yeniyetmələrdə bu narazılıq daha güclüdür. Sosial mediada anoreksiyanı müsbət və ideal bir hal kimi təqdim edən paylaşımlar çox təhlükəlidir. Ailə, məktəb və cəmiyyət olaraq bu yanlış mesajlara qarşı tədbir görmək lazımdır”.

Mütəxəssis xəbərdarlıq edir ki, ev şəraitində uşaqlara “mütləq yeməlisən” deyə təzyiq göstərmək düzgün deyil:

“Bu xəstəlik sadəcə ‘ac qalmaq’ deyil, ciddi psixoloji pozuntudur. Əgər uşaq son aylarda 6 kiloqram və ya daha artıq çəki itiribsə, daim kalori hesabı aparırsa və ya yeməkdən qaçırsa, mütləq şəkildə həkimə aparılmalıdır. Evdə edilən məcburiyyət və təhdidlər yalnız konflikt və müqavimət yaradır”.

Anoreksiyanın daha çox orta yeniyetməlik dövründə – yəni 13-17 yaş arasında müşahidə olunduğunu deyən həkim əlavə edir:

“Bu dövrdə gənclər özlərini daha çox bəyənilmək ehtiyacı ilə qarşı-qarşıya hiss edir. Ona görə də pəhriz və bədən görünüşü ilə bağlı yanlış qərarlar verə bilirlər. Sağlam bədən üçün sağlam düşüncə tərzi formalaşdırmaq vacibdir”. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ