Son günlər sosial şəbəkələrdə Bakıda ucuz qiymətə qurbağa ətinin satıldığı və bəzən dönərlərə qarışdırıldığı iddia edilir. Bu isə qida təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlara səbəb olub. Vətəndaşlar artıq yedikləri ətin, digər məhsulların mənşəyini sorğulayırlar.
Azərbaycanda qurbağa ətinin satışı qanunidirmi? Bu ətin hansısa zərərləri varmı?
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən, heç bir ətin satışına qadağa yoxdur:
Eyyub Hüseynov
“Sadəcə ictimai-iaşə obyektlərində satılan ətin adının yazılması tələb olunur ki, istehlakçı aldanılmasın. Bu, sərt siyasətdir, ənənəvi yeyilməyən ətlərin satışına qadağa tətbiq olunmalıdır. Artıq illərdir, belə qərarın verilməyini gözləyirik, təəssüf ki, hələ də yoxdur. 15 il öncə qurbağa əti istehsal edən bir şirkət barədə məlumat almışdıq. Həmin müəssisə cənub zonasındaydı, ixracla məşğul idilər. Ola bilsin, qurbağa ətini indi bazara çıxaranlar da onlardır. Bütün hallarda istehlakçı nə aldığını bilməlidir. Ənənəvi yeyilməyən ətlərin satışına rast gəldikdə mütləq şəkildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) məlumatlandırmaq lazımdır”.
Dietoloq Ceyhunə Yusifova bildirib ki, qurbağa əti yüksək bioloji dəyərə malik zülal mənbəyidir:
Ceyhunə Yusifova
“100 qram qurbağa ətində təxminən 16-18 qram protein var. Aşağı yağ və kalori tərkibli qidadır. Pəhriz saxlayanlar, arıqlamaq istəyənlər və yağ qəbulu məhdud olan şəxslər üçün ideal seçimdir. Omega-3 və kaliumla zəngindir. Həzm sistemi üçün yüngül və asan qəbul olunur. Mədə-bağırsaq həssaslığı olan şəxslər üçün tövsiyə edilə bilər. B12 vitamini və dəmir tərkiblidir. Sinir sisteminin sağlamlığı və qan hüceyrələrinin yenilənməsi üçün vacib olan bu maddələr qurbağa ətində təbii şəkildə mövcuddur”.