Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş Qələbə Paradında 29 xarici ölkə lideri iştirak edəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Kreml təmsilçisi qeyd edib ki, bunlar Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiyadır.
Lakin məlumdur ki, Ukrayna lideri Volodimir Zelenski parada qatılacaq ölkələrin təhlükəsizliyinə zəmanət vermədiyini bildirmişdi. Ona görə də bu parada ölkələrin qatılmamasını bəyan etmişdi. Bu arada Medvedev də Zelenskiyə cavab olaraq vurğulamışdı ki, əgər 9 May paradında hər hansısa hadisə baş verərsə, Kiyev mayın 10-na sağ çıxmayacaq.
Maraqlıdır görəsən, Kiyev həqiqətən də dediyi kimi 9 May paradında hansısa təxribata əl ata bilərmi? Turkustan.az olaraq sualımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq.
Rusiya hansı dövlətlərin qonaq olacağını açıqladı.Düzdü bəzi ölkələr hələ tam dəqiqləşdirilməyiblər. Qəti olaraq iştirak edib-etməyəcəklərini bilmirlər. Zelenski açıqlamasında onu göstərir ki, hər an hər şey yaşana bilər. Yəni Ukrayna lideri onu dedi ki, Rusiyaya hər an sürprizim ola bilər. Xəbərdarlıq da etdi ki, dövlət və hökumət başçıları çalışıb orada iştirak etməsinlər. Bu da başdan verilən bir mesaj kimi dəyərləndirilə bilər. Hər halda, Zelenkski bunu deyibsə, deməli Rusiyanın daxilində xüsusi ilə Moskva və daxili ərazilərdə özünəməxsus kəşfiyyat və əks-kəşfiyyat qrupları vasitəsi ilə hansısa bir plan hazırlaya bilər. İndi nə olacağını zaman göstərəcək. Amma düşünürəm ki, təxribatın olma ehtimalı çoxdur. Hətta deyərdim ki, burada artıq təhlükəsizlik zəmanəti vermək çox çətin olacaq. Düzdür, Rusiya tərəfi böyük ehtimalla Moskva səmasını təyyarələr ilə bağlamağa çalışacaq və yaxud da xüsusi ilə paradın keçirildiyi ərazidə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcək. Amma yenə də təhlükəsizliyə hansısa formada tam təminət vermək çətin məsələdir.
Aytən Yaşar/ Turkustan.az