Türkiyədə Azərbaycan da daxil olmaqla 16 ölkənin iştirakı ilə 14-cü Beynəlxalq Aikido Festivalı keçirilib.
Beynəlxalq festivala Azərbaycan Avrasiya Aikido ve Budo Mərkəzinin 9 sensei və tələbələri iştirak edib.
Türkiyə Avrasiya Aikido Federasiyasının Xarici Əlaqələr üzrə rəhbər Tayfun Evyapan bildirib ki, festivala ümumilikdə 400-dən çox iştirakçı qatılıb.
Bilkent Universiteti və Orta Doğu Texniki Universitetində baş tutan beynəlxalq festivalda aikido təlim seminarları və üstad dərslərini beynəlxalq dərəcəli usta Nebi Vural tərəfindən icra olunub.
Nebi Vural bildirib ki, Aikido şərqin aqressiyaya “yox” deyən, ruh bədəni və fiziki bədənin tərbiyəsi üçün ən yaxşı üsul olan elə bir hərbi idman növüdür ki, onunla idman kimi məşğul olunmağı sevmir. Və insan bu tərbiyəni bacarırsa, həm özünü müdafiə edə bilir, həm də özünə qalib gələ bilir: “Aikido diplomatiya ruhunu ön planda tutmaqla, qarşındakını harmonik enerji yolu, güclü müşahidə, diqqəti yönləndirmə və düzgün nəfəs texnikası ilə problemi cözən intizam sənətidir. Bir sözlə, yaşam gücü ilə bütünləşmə yoldur. Fələsəfəsi çox genişdir. Təssüf ki, hazırda medianın, texnologiyanın və sosial təzyiqlərin təsiri həyatımızda çox böyükdür. Artıq ailələr belə uşaqlarını düzgün istiqamətləndirməkdə çətinlik çəkirlər. Bu məsələ yalnız Türkiyə, yaxud Azərbaycanın deyil, bütün dünyanın ortaq problemidir. Bizim məqsədimiz də bu unikal sənət növü ilə insanları təlimatlandırıb sağlam və yaxşı bir cəmiyyət formalaşdırmaqdır. Düşünürəm ki, insanlar düzgün mühitlərdə bir araya gəldikdə, müsbət bir zəncir yaranır və cəmiyyət bundan fayda görür. Aikidoda qadın, kişi, gənc, yaşlı kateqoriyası yoxdur, hər kəs bu intiazm sənətini öz baxışına uyğun şəkildə mənimsəsə də, nəticə “sakit güc”lə müsbət xarakterin formalaşmasına gətirib çıxarır”.
Nəbi Vural deyib ki, Azərbaycandan olan aikidoçuların ildən-ilə bu sənətə marağı artır: “Soydaşlarımızın bu sənətə marağı məni sevindirir. 94-cü ildən Azərbaycanla mütəmadi əlaqələrim var. Və ildən-ilə azərbaycanlılar arasında Aikidoda çox müsbət göstəricilər müşhidə edirəm”.
Təlimin son gününə Yaponiyanın Türkiyədəki səfiri Tamura Masami də qatılıb. Səfir özü də bəzi Aikido hərəkətləri nümayiş etdirib. O, deyib ki, Yaponiya ənənəvi idman və döyüş sənətlərinin zəngin olduğu bir ölkədir. Olimpiya növü olan cüdo başda olmaqla, karate və digər müxtəlif döyüş sənətləri mövcuddur. Bunların hər biri Yapon mədəniyyətinin dəyərli bir hissəsidir: “Bu çərçivədə Aikido da əlbəttə ki, çox önəmli bir sahədir”.
Səfir hesab edir ki, yapon mədəniyyətinin daha çox türk insanı tərəfindən tanınıb sevilməsi üçün imkanlar yaratmaq çox vacibdir: “Həmçinin buradakı beynəlxalq dərəcəli müəllimlərin əməyi sayəsində Türkiyə vasitəsilə bu mədəniyyəti yayan çox sayda insan var. Buna görə də biz Yaponiya Səfriliyi olaraq belə insanların fəaliyyətini dəstəkləmək və təqdir etmək istəyirik”.
Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin prezidenti və 7-cı dan qara kəmər sahibi Nazim Əliyev bildirib ki, Aikido idman növü Azərbaycana 90-cı illərdə gəlib, və o vaxtdan inkişaf edir: “Hər il Avrasiya Aikido Federasiyasının festivalları keçirlir. Biz də 14 ildir burada Azərbaycanı təmsil edirik. Digər idman növlərindən aikidonun bir sıra mühüm fərqləri və üstün cəhətləri var. Məsələn, digər şərq döyüş sənətlərindən fərqli olaraq, aikidoda əsas məqsəd yarışmaq və rəqibi məğlub etmək deyil. Açıq şəkildə yarış sistemi yoxdur, yalnız müəyyən nümayiş xarakterli tədbirlər keçirilir. Burada əsas məqsəd insanın həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etməsidir.
Aikidoda əsas fəlsəfə insanlar arasında sülh, mehribanlıq və harmoniya yaratmaqdır. İnsan ilk növbədə öz nəfsinə qalib gəlməyi öyrənir. Bu sənətin yaradıcısı belə deyib: “Əsas qələbə öz üzərində qələbə çalmaqdır”. Bu baxımdan aikido sadəcə idman növü deyil, həm də həyat fəlsəfəsidir”.
25 ildir bu idman sahəsində fəlaiyyət göstərən N.Əliyev deyib ki, rəhbərlik etdiyi mərkəzin son 5 ildə bu istiqamətdə ciddi işlər görüb: “Mərkəzimiz ölkə daxilində və beynəlxalq arenada aktiv seminar və təlimlər təşkil edir.
Azərbaycan Aikido Federasiyasının Gəncə Regional Şöbəsinin rəhbəri, 7-ci dan qara kəmər sahibi Ramin Yusifov isə 32 ildir bu sahədədir. Gəncə şəhər Baş Polis İdarəsində həm də kadrlarda təlimatçı vəzifəsində işləyən R.Yusifov gənclərin bu idman növünə marağının artdığını deyib: “Aikido şərq döyüş növü olaraq qayda-qanun və özünümüdafiə sənətidir. Başqa döyüş növlərindən fərqli olaraq burada aqressivlik, sərtlik, qarşındakı ilə yarışmaq yoxdur. Kiçik yaşlardan aikido ilə məşğul olan uşaqlarda intizam, səbir, diqqət və özünəinam formalaşır. Enerjini düzgün yönləndirmək və qarşı tərəfə hörmət etmək baxımından əvəzsiz bir sənət növü olduğu üçün mənim təlimçilərim arasında polis, həkim və sair, bir sözlə, uşaqdan böyüyüə hər kəs var”.
2-ci Dan qara kəmər sahibi, Azərbaycanda 30-dan çox tələbənin təlimçisi olan Vüqar Musayev 14-cü Beynəlxalq Aikido Festivalına qatılan fəal tələbələrindn bəhs edib: “Aikidoda əsas məsələ yalnız fiziki güc deyil, insanın davranışı, düşüncəsi, intizamı və reaksiyalarını idarə etməsidir. Adətən azyaşlılar ilkin mərhələdə bu idmanın mahiyyətini anlamır. Amma məsələn, bu festivalda da iştirak edən 12 yaşlı tələbəm Gül Süleymanlıda ilk gündən indiyədək hərəkətlərin düzgün icrası, özünümüdafiə texnikası, diqqətinin yönləndirilməsi, daxili sabitliyi, aqressiyanı səbrlə kontrol altında saxlamaq baxımından sürətli müsbət irəliləyişlər var. Az yaşının olmasına baxmayaraq Gül artıq qəhvəyi kəmərə sahibdir. Bir müəllim üçün əsas məsələ çox tələbə yox, hər tələbənin inkişafıdır. Bu döyüş sənəti sadəcə idman deyil, özünü formalaşdırma yolu olduğu üçün təlim verdiyimiz hər şəxsin uğuru bizi sevindirir”.
Nigar İsmayıl










