Fars şovinistlərini qorxudan aviareys – Bakıdan Təbrizə uçan təyyarə təkcə sərnişin daşımayacaq...


Bu günlərdə Təbriz-Bakı birbaşa aviareysinin açılması zahirən sadə iqtisadi addım kimi görünsə də, əslində bu nəqliyyat xətti dərin milli-psixoloji xarakter daşıyır. Ona görə də bu aviareysin fars şovinistlərini və mühafizəkar dairələri narahat etməsi təəccüblü deyil.

Təbriz etnik, tarixi və mədəni baxımdan Azərbaycanın ayrılmaz bir parçasıdır. Tarixən belə olub və göründüyü kimi sərt şovinist nəzarət əsrlərdir şəhəri özününküləşdirə bilməyib. Bu şəhər əsrlərdir Azərbaycan-türk milli kimliyinin rəmzi olub və bütün təzyiqlərə və farslaşdırma cəhdlərinə baxmayaraq milli kimliyini qoruyub. Təbriz – başdan ayağa Azərbaycan türklərindən ibarət olan, öz türkcələrində qorxmadan danışılan könüllər paytaxtıdır.
Tehranı narahat edən nədir?

Yeni açılmış reys iki şəhər arasında ticarət, turizm və əməkdaşlıq imkanlarının genişlənməsi, Güney azərbaycanlıların iqtisadi gücünü artırmaqla yanaşı, milli şüurun da dirçəlməsi deməkdir.

Bu isə Tehrandakı məlum dairələri ciddi narahat edir. Fars şovinistləri uzun illərdir İran azərbaycanlılarını idarə etməyə çalışır. Amma 35 milyonluq xalqın hər yeni tələbi, hər irəliləyişi rejimin sarayından bir kərpicin düşməsi deməkdir. Bu cür iqtisadi, mədəni və mənəvi yaxınlaşmalar həmin sarayın artıq “qəzalı” olmasına dəlalət edir.

Birbaşa aviareysin açılması hər iki tərəf üçün həmçinin müalicə turizmi, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat xərclərinin azaldılması kimi geniş imkanlar açır.

Nədənsə İran mediası da bu barədə susqundur. Qeyri-rəsmi səhifələrdə isə bu addım “separatçılıq” kimi qələmə verilir.

Belə iqtisadi yeniliyi yalnız Azərbaycanmeyilli mediadan öyrənmək mümkündür. Çünki Təbriz-Bakı birbaşa aviareysi təkcə sərnişin daşımaq üçün deyil, həm də mədəni, iqtisadi və siyasi yaxınlaşma üçün bir körpüdür./Bizim Media


MANŞET XƏBƏRLƏRİ